AZXEBER.COM-un məlumatına görə, “İRƏLİ” Yeni Media Akademiyasının iştirakçıları Qaynar.info Milli Xəbər portalının baş redaktoru, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı ilə görüşüblər. Qaynar.info portalının yaranmasından, redaksiya heyətindən, iş prinsipindən danışan gənc jurnalist rəhbəri olduğu portalıən xəbər siyasətindən söhbət açıb. Qeyd edib ki, internet media məkanındakı hazırkı rəqabət mühitində xəbər siyasətində bütün sahələrdə öndə olmaq olduqca çətindir və bu mənada onlar konkret bir auditoriyaya xitab etməyi məntiqli hesab ediblər.
Baş redaktor bildirib ki,Qaynar.info indi daha çox ölkənin siyasi gündəmi ilə bağlı məlumatların, siyasi şərhlərin, müsahibələrin yayıldığı portal kimi tanınır.
Fərid Şahbazlı gənc həmkarlarına informasiya portalının yaradılmasının hüquqi və texniki tərəflərindən danışıb. Onun sözlərinə görə, bu gün tam məsuliyyətlə demək olar ki, qısa müddətdə internet media bir neçə qəzeti istisna olmaqla, klassik mətbuatın ictimai rəydəki mövqeyini arxa plana keçirə bilib.
F.Şahbazlının sözlərinə görə, hazırda saytların hüquqi statusu ilə bağlı qeyri-müəyyənlik var və portallar Ədliyyə Nazirliyində KİV olaraq qeydiyyatdan keçirilmir. Baxmayaraq ki, portallar haqqında məhkəmələrə hansısa şikayətlər olanda bu müraciətlər KİV haqqında qanuna uyğun olaraq araşdırılır. F.Şahbazlı bu vəziyyəti, bu sahənin Azərbaycanda hələ yeni olması ilə əlaqələndirib.
Daha sonra qonaq sayta necə xəbər yerləşdirmək,oxunan xəbərlərin reytinqini necə müəyyən etmək haqqında iştirakçılara əyani olaraq məlumat verib.
Görüş gənc jurnalistlərin sualları əsasında yaranan maraqlı polemika şəraitində davam edib. Sonda qonaq görüşdən razı qaldığını bildirib və gənc həmkarlarına uğurlar arzu edib.//QayNar