Formula-1” üzrə dünya çempionatının ikiqat qalibi və hazırda “MakLaren Honda” komandasının heyətində yarışan pilot Fernando Alonso bu gün Bakı Avropa Qran-pri yarışının rəsmi elçisi seçilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən apasport.az saytına verilən məlumata görə, rəsmi elçi kimi fəaliyyətə başlayan ikiqat dünya çempionu martın 8-9-da paytaxtımıza ikigünlük səfər edəcək.Nəticədə o, Bakıya gələcək ilk “Formula-1” pilotu kimi tikintisi davam edən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə aparılan hazırlıq işlərinin gedişini yerində izləyəcək. Səfər zamanı ispaniyalı pilot, ardıcıl olaraq ensiz yoxuşlardan, İçəri Şəhər divarları ətrafındakı kəskin döngələrdən və avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə xəttindən keçəcək və gözoxşayan mənzərəyə sahib şəhər trekində bu yay baş tutacaq yarışlarda “MakLaren” komandasını gözləyən çoxsaylı çətinliklərlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcək.Bununla yanaşı, Alonso, Bakıya səfəri çərçivəsində yerli və beynəlxalq media nümayəndələri və azarkeşlər ilə, o cümlədən “Formula-1” yarışına hazırlıq prosesi ilə əlaqədar müxtəlif təlimlərdə iştirak edən Avropa Qran-prisinin könüllüləri və marşalları ilə də görüşəcək.Məşhur “Formula-1” pilotu, rəsmi elçi seçilməsi xəbərinə belə münasibət bildirib: “2016-cı il “Formula-1” Avropa Qran-prisinin rəsmi elçisi seçildiyim üçün çox şadam. Bakıya səfər edəcək və yeni trekin xüsusiyyətlərini incələyəcək ilk pilotu olmaq mənim üçün böyük şərəfdi. Bu şəhər haqqında indiyədək xeyli maraqlı məlumat eşitmişəm və oxumuşam. Odu ki, onu əyani şəkildə görməyi səbirsizliklə gözləyirəm. Karyeram ərzində üç dəfə Avropa Qran-pri yarışının qalibi olaraq, bu yeni və gözəl məkanda keçiriləcək eyni adlı yarışın “Formula-1”in təqviminə yenidən əlavə olunmasını təbliğ etməyim məqsədəuyğun hesab olunmalıdı. Əslində, Avropa Qran-prisinin Valensiyada keçirilən ən son yarışında qələbə qazanmaq üçün dəf etdiyim yol məni məhz bu yarışa mənəvi olaraq ömürlük bağlayıb. Əminəm ki, şəhər treki hər bir sürücü üçün həmişə həyəcanverici və çətin olub. Əldə etdiyim məlumatlara əsasən bu trekin də həmin cəhətdən istisna olmayacağını nəzərə alaraq deyə bilərəm ki, rəqiblərim də Bakıda keçiriləcək yarışı texniki cəhətdən çox bəyənəcəklər”.Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı-direktoru Arif Rəhimov bugünkü xəbərdən öz məmnunluğunu belə ifadə edib: “Biz bu xəbərə görə həddindən artıq sevincliyik və Fernandonu gözəl şəhərimizdə qarşılamağı və onun Avropa Qran-prisini “Formula-1”in digər yarışlarından fərqləndirəcək cəhətləri ilə dünya ictimaiyyətinə təqdim etməyi səbirsizliklə gözləyirik. Biz, trekdə tikinti işlərinin gündəlik olaraq sürətlə davam etdiyi bir ərəfədə bu idman növünün ən məşhur pilotunu Bakı Şəhər Halqası və onun özünəməxsus xüsusiyyətləri ilə tanış edirik. Əminəm ki, o, bu fürsətdən istifadə edərək iyunda baş tutacaq yarışlarda iştirak etməzdən əvvəl trekə yaxından bələd olacaq. Alonso kimi “Formula-1” üzrə ikiqat dünya çempionunun və bütövlükdə idman dünyasının böyük şəxsiyyətinin dəstəyi bizim üçün böyük əhəmiyyət kəsb edir”.Qeyd edək ki, Alonso “Formula-1” tarixinin ən uğurlu və ən məşhur pilotlarından biridi. İspaniyalı pilot iki dəfə dünya çempionu tituluna yiyələnib, 32 dəfə Qran-pri yarışının qalibi adına layiq görülüb və 97 dəfə podiuma çıxıb.