Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının başlanmasına artıq həftələr qalır. Çempionata hazırlıq işləri çərçivəsində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) ilə FIFA-nın müvafiq qurumları və işçi qrupları arasında sıx əməkdaşlıq davam edir.
AZXEBER.COM-un AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, iyul ayının 27-də ölkəmizə gələn FIFA Filming (FIFA çəkiliş qrupu) üzvləri 5 avqust tarixinə qədər şəhər profili çəkilişlərini həyata keçirəcəklər. Paytaxtda tarixi yerləri, müasir tikililəri, muzeylər və ümumi Bakı həyatını, günəşin Xəzərdən doğuşunu və s. lentə alan nümayəndə heyəti 1 avqust tarixində çempionat oyunlarına ev sahibliyi edəcək digər şəhərə - Lənkərana yola düşüblər. Burada da Lənkəranın zəngin təbiətini, sadə həyatını, rəngarəng mətbəxi və mədəniyyətini lentə alıblar.
Qeyd edək ki, FIFA çəkiliş qrupu FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə rəsmi ev sahibliyi edəcək Bakı və Lənkəran şəhərlərinin qısa tanıtım çarxlarını hazırlamaq üçün ölkəmizdədir. Bakı və Lənkəranın ümumi simasını nümayiş etdirən tanıtım çarxları hər iki şəhər üçün ayrı-ayrı hazırlanıb www.fifa.com web-səhifəsi, eləcədə çempionat oyunlarından əvvəl və fasilələr zamanı televiziya vasitəsilə yayımlanacaq.