Foqts sözünü dedi: "Məşqçi kimi çalışdığım dövrdə Vaqif Cavadova dəvət göndərməyəcəm"

İDMAN
10:12 20.12.2011
2015

“Mən Vaqiflə bağlı məsələni sonuncu dəfə sizə aydınlıq gətirirəm. Bütün jurnalistlərdən xahiş edirəm, mənə bununla bağlı sual verməyin. Mən bu məsələ ilə bağlı Vaqiflə və atası ilə dəfələrlə söhbət etmişəm. Biz Vaqifə bir neçə dəfə kömək əlimizi uzatmışıq. Amma Vaqif bunu başa düşməyib”. AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Berti Foqts ANS-ə eksklüziv açıqlamasında deyib. O qeyd edib ki, Vaqiflə bağlı məsələ onun üçün qapanıb. Almaniyalı mütəxəssis bir daha vurğulayıb ki, o, Azərbaycan yığmasında baş məşqçi kimi calışdığı dövrdə Vaqif Cavadova dəvət göndərməyəcək.

“Vaqif orada baş verənlərlə bağlı düzgün danışmalıdır, yoxsa elə çıxacaq ki, mənim tərcüməçim səhv edib. Amma mən tərcüməçimə inanıram, Vaqifə yox. Sonuncu dəfə deyirəm, bu məsələ mənim üçün qapanıb”, - deyə o vurğulayıb.

Foqts daha çox qarşısındakı dörd illə bağlı planlar qurduğunu deyib. Baş məşqçi bu dövrdə milliyə daha çox gənclərin cəlb olunacağını da gizlətməyib: “Mən AFFA-ya 2013-ci ilin dekabrına qədər iş planımı vermişəm və AFFA buna razılıq verib. Biz gənclərə daha çox yer verməliyik. Məhz bu gənclərə görə də millidə rəqabət yaranacaq. Bu da bizə imkan verəcək ki, Avropada orta səviyyəli futbol nümayiş etdirək. Azərbaycanda futbolun inkişafı üçün mən də, AFFA da, klublar da əl-ələ verib birlikdə işləməliyik. Mənim üçün əsas olan odur ki, klublarda daha çox azərbaycanlı futbolçu oynasın. Yəni meydanda 3 əcnəbi futbolçunun oynamasının tərəfdarıyam”.

B. Foqts əsas hədəf kimi Avro-2016-ya vəsiqə qazanmağı qarşısına məqsəd qoyduğunu deyib. Çünki bu mərhələdə ilk dəfə olaraq finalda 16 deyil, 24 komanda mübarizə aparacaq. Amma buna qədər almaniyalı futbol bilicisi Dünya Çempionatının seçmə mərhələsinə hazırlığı davam etdirəcək.

Milli komanda gələn ilin sentyabrında Bakıda İsrail millisi ilə görüşə qədər bir neçə təlim məşq toplanışı keçirməyi planlaşdırır. İlk belə toplanış isə 2012-ci ilin fevralındla Dubayda olacaq.

B. Foqts deyir ki, o, artıq Dubaya aparacağı futbolçuların siyahısını özü üçün müəyyənləşdirib: “Amma onların adını çəkməyəcəm. Çünki hər şey futbolçuların hazırlığından və klublardakı təlim məşq toplanışından asılı olacaq. Dubayda iki sınaq oyunu keçirəcəyik. Artıq rəqiblərimizdən biri müəyyənləşib. Eyni zamanda avqustda Bakıda yoldaşlıq oyunu keçirəcəyik”.

Qeyd edək ki, Berti Foqts AFFA ilə müqaviləsini bu ay daha dörd il müddətinə uzadıb.

OXŞAR XƏBƏRLƏR