Fransada oktyabrın 17-də keçirilən nümayişlərdən bir gün sonra, oktyabrın 18-də Parisin şərqində, Lyon və Marsel şəhərlərində yeni qarşıdurmalar baş verib.
Paris Polis Prefekturası sosial şəbəkələrdə elan edilmiş, lakin rəsmi qaydada bildirilməmiş toplantı barədə məlumat verib.
Prefekturanın bildirdiyinə görə, saat 14:00-dan etibarən paytaxtın şərqində Respublika meydanında toplaşan qruplar dağıdılıb. Daha sonra Fobur-dü-Templ küçəsində yenidən bir araya gələn şəxslər barrikadalar quraraq, onları yandırmağa və mağazaları qarət etməyə cəhd göstəriblər. Günün sonuna 25 nəfərin saxlanıldığı və üç mağazanın qarət edildiyi bildirilir.
Lyonda əksəriyyəti üzünü örtmüş təxminən 50 nəfərlik qrup "Lacoste” mağazasının vitrinini sındırmağa cəhd edib. Polisin müdaxiləsindən sonra üç nəfər saxlanılıb, onlardan ikisi sərbəst buraxılıb.
Marseldə isə polis prefekturasının məlumatına görə, gün ərzində bir neçə qrup şəhərin müxtəlif ticarət mərkəzləri, o cümlədən Le Merlan, Grand Littoral və Les Terrasses du Port ətrafında toplaşaraq hərəkət edib.
Asayişin qorunması üçün şəhər iğtişaşlarına qarşı mübarizə üzrə ixtisaslaşmış CRS 8 polis bölməsi cəlb olunub. Bəzi nümayişçilər "Yoxsulluq səp, qəzəb biç” şüarı yazılmış plakatlar qaldırıblar.
Etirazçılar polisə müxtəlif əşyalar atıblar. Hüquq-mühafizə orqanları səs və gözyaşardıcı qaz qumbaralarından istifadə etdikdən sonra müdaxiləyə başlayıblar. Bir neçə nəfər saxlanılıb.
///azərtac///











































