Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu

Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
DÜNYA
16:52 20.10.2026
135
Fransanın cənub-şərqində yerləşən 7 vilayətdə güclü yağışlar nəticəsində ev və iş yerlərini su basıb, nəqliyyatda ciddi problemlər yaranıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fransa Meteorologiya Xidməti (Meteo-France) Qard, Var, Yuxarı Korsika, Ero, Ardeş, Voklüz və Buş-dü-Ron vilayətlərində güclü yağışlarla bağlı xəbərdarlıq edib.

Var, Qard və Yuxarı Korsika vilayətlərində narıncı təhlükə səviyyəsi qüvvədə saxlanılıb.

Buş-dü-Ron vilayətində, xüsusilə Marsel şəhərində güclü yağış və fırtına ciddi fəsadlara səbəb olub. Tramvay xəttinə ziyan dəyib, dəmir yolu nəqliyyatında fasilələr yaranıb. Şəhərdəki 2 nömrəli metro xəttinin "National” stansiyası su altında qaldığı üçün bağlanıb.

Saint-Şama şəhərində yolları su basıb, bir sıra mağaza və iş yerləri zərər gördüyü üçün fəaliyyətini dayandırıb. Yanğınsöndürənlər yağışlarla əlaqədar çoxsaylı çağırışlara müdaxilə ediblər.

Qard vilayətində A9 avtomobil yolunun Nim-Qərb və Qallarq hissələri hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb. Nəticədə yolda kilometrlərlə uzanan avtomobil növbələri yaranıb. Qard və Ero vilayətlərində də dəmir yolu nəqliyyatında fasilələr qeydə alınıb.

Var vilayətinin sakinlərinə telefon vasitəsilə xəbərdarlıq mesajları göndərilib və zəruri hallar istisna olmaqla, səfərlərdən çəkinmələri tövsiyə olunub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR