"Fransanın Ermənistanı yenidən silahlandırması bölgədə heç nəyi dəyişə bilməz" - Deputat

SİYASƏT
11:51 23.02.2024
216
"Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanın birgə mətbuat konfransında səslənən fikirlər bir daha sübut edir ki, Cənubi Qafqazda dayanıqlı sülhün, davamlı sabitlik perspektivlərinin xalqların birgə yaşayış və qarşılıqlı etimad mühitinin formalaşmasının qarşısında ən əsas əngəl Fransadır".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Makronun Paşinyanla görüşündən danışarkən deyib.
 
Deputat bildirib ki, hazırda Fransa iki ölkə arasında (Azərbaycan və Ermənistan) irticaçı subyekt kimi çıxış edir:
 
"Baxmayaraq ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi BMT məqsədlərinin realizə olunmasında, o cümlədən beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərin, bu qəbildən dövlətlərin əməkdaşlığı prinsipinin təmin olunmasında qlobal öhdəliyə malikdir. Lakin görünən odur ki, bu gün Fransa faktiki olaraq ümumbəşəri dəyərləri özünün imperialist, təcavüzkar mahiyyətdə ehtiva olunan riyakar maraqlarına qurban verərək irticaçı subyekt kimi çıxış edir və onsuz da revanşist təfəkkürdən qurtulmamış İrəvanı da öz məqsədləri üçün yenidən alətə çevirir.
 
Məlumdur ki, Azərbaycanın Vətən müharibəsində və antiterror tədbirlərində qazandığı qələbə bu gün Cənubi Qafqazda dayanıqlı sülh üçün tarixin heç bir dövründə olmadığı qədər münbit imkan yaradıb. Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi altında işğal və təcavüzə hərbi-siyasi yolla son qoyması artıq regional nizamı dəyişib, eyni zamanda, nəhayət Ermənistanın özü üçün də region dövlətləri ilə münasibətlərin normallaşması, regional lahiyələrin iştirakçısı olaraq dalan dövlət statusundan qurtulması üçün müstəsna imkan yaradıb. Belə bir məqamda Makronun erməni təəssübkeşi kimi davranaraq İrəvanı yenidən silahlandırmaq vədləri, fevralən 12-dəki sərhəd təxribatında haylara açəq dəstək verməsi anlaşılmazdır. Çünki, əgər Fransa Prezidenti, həqiqətən də, Ermənistanın və erməni xalqının maraqlarını düşünsəydi, mövcud reallıqlara Ermənistan üçün yeni imkan kimi yanaşar, özünün və ölkəsinin təsir imkanlarından istifadə edərək mümkün qədər sülh və sabitliyin daha qısa müddətə reallaşmasına çalışardı. Amma görünən odur ki, Fransa Cənubi Qafqazda sülh və dayanıqlı sabitliyi özünün neoimperialist maraqlarının realizə olunmasına təhdid kimi baxır".
 
Millət vəkili qeyd edib ki, Makron artıq Ermənistana açıq dəstək verməkdən çəkinmir:
 
"Nəticə etibarilə də Fransa Prezidenti artıq beynəlxalq ictimaiyyət qarşısında və media nümayəndələri üçün açıqlamalarında Ermənistanın revanşist niyyətlərinə açıq dəstək verməkdən və təcavüzkar niyyətlərə təşviq etməkdə çəkinmir. Bu isə ümumbəşəri dəyərləri hədəfə alan və qlobal təhlükəsizlik üçün təhdid əxz edən qəbuledilməz mövqedir və istər Fransa qanunvericiliyi, istər beynəlxalq hüquqla bəşəriyyət əleyhinə cinayətdir. Saha dəqiq desək Afrika, Asiya və Okeaniyada müstəmləkə cinayətlərinin ardınca Paris artıq Cənubi Qafqazda sülh əleyhinə cinayətlərin təhrikçisi və təşkilatçısı kimi çıxış etməkdədir.

Təəssüflər olsun ki, 3 il ərzində iki dəfə kapitulyasiya imzalamağa məcbur olan Ermənistan da reallıqlardan dərs çıxarmayaraq Fransanın təhrikedici ritorikasının parçasına çevrilərək özünün dövlətçiliyini və milli təhlükəsizliyini yenidən təcavüzkar ritorikaya və miflərə qurban verməkdədir. 
Əlbəttə, biz Fransa və Ermənistanın təcavüzkar mahiyyətdə ehtiva olunan və hər iki ölkənin rəhbərləri tərəfindən dilə gətirilən ritorikanı diqqətlə izləyirik, lakin heç kim unutmamalıdır ki, yeni dövr üzrə Azərbaycanın xarici siyasət kursunda Ermənistanla münasibətlər bizim üçün prioritet deyil. Möhtərəm Prezidentin andiçmə mərasimində dediyi kimi, "Azərbaycan artıq dünyanı narahat edən qlobal məsələlərlə məşğuldur". Yəni xarici siyasət kursumuzda Ermənistan kimi hansısa üçüncü dövlətlə münasibətləri nizamlamaq, yaxud Fransa kimi imperialist, əli qana batmış dövlətlə əlaqələri dərinləşdirmək kimi xüsusi hədəflərimiz yoxdur.
 
Konkret İrəvana gəlincə, cənab Prezidentin təbiri ilə desək, "indi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, sülh müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək"".
 
Deputat söyləyib ki, Fransanın niyyətləri məhz Ermənistanın hazırkı durumu ilə üst-üstə düşür:

"Biz ümumbəşəri dəyərləri rəhbər tutaraq bütün dünya xalqları ilə beynəlxalq hüquq normaları çərçivəsində mehriban əlaqələr qurmaq niyyətindəyik. Lakin bu, bərabərhüquqlu tərəfdaşlıq və bəynəlxalq hüquqa əsaslanan əməkdaşlıq formasında ola bilər. Makronun ritorikasından görünür ki, o, Cənubi Qafqazda bərabərhüquqlu tərəfdaşlıq yox, diqtə etmək və imperialist niyyətlərini yeritmək üçün marionet subyekt axtarışındadır. Bu mənada, Fransanın niyyətləri məhz Ermənistanın hazırkı durumu ilə üst-üstə düşür.

Azərbaycan isə özü hərbi-siyasi reallıq yaratmış, ərazi bütövlüyünü, suverenliyini öz gücü hesabına bərqərar etmiş qüdrətli və diqtə edən beynəlxalq subyekt kimi, əlbəttə, Fransanın regionda qeyri-adekvat niyyətləri üçün alət ola bilməz, əksinə biz özümüz reallıq diqtə edirik və əgər Paris bölgədə maraqlarını müdafiə etmək niyyətindədirsə, Azərbaycanın yaratdığı status-kvo ilə hesablaşmağa məcburdur. Bu mənada, Fransanın Ermənistanı yenidən silahlandırması, Makronun Paşinyanla birgə mətbuat konfransında yeni texnologiyalar vəd etməsi özlüyündə bölgədə heç nəyi dəyişə bilməz, əksinə Ermənistanı əsassız olaraq inandıraraq yenidən münaqişəyə təşviq etməklə bu ölkədə dövlət böhranının, Ermənistanın "failed state" statusunun daha da dərinləşməsinə səbəb olacaq. Düşəcəyi daha çıxılmaz vəziyyətə görə isə Möhtərəm Prezidentin 14 fevralda Milli Məclisdə də bəyan etdiyi kimi, "O inamı onlara verənlər Ermənistan rəhbərliyi ilə bərabər bütün məsuliyyəti daşıyırlar və bölüşürlər".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR