“Fransaya yenə də 10:0 uduzsaq sensasiya olmayacaq” - AÇIQLAMA

“Fransaya yenə də 10:0 uduzsaq sensasiya olmayacaq” - AÇIQLAMA
İDMAN
16:30 07.10.2025
202
Oktyabrın 10-da Parisdə yerləşən "Park de Prens” stadionunda Fransa və Azərbaycan yığmaları üz-üzə gələcək. Dünya Çempionatının 2026-cı il seçmə mərhələsi çərçivəsində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə isə 22:45-də başlayacaq. 

Tanınmış idman eksperti Kənan Məstəliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, Fransa–Azərbaycan oyunu futbolsevərlər tərəfindən maraqla gözlənilir: 

"Dünya Çempionatının 2026-cı il seçmə mərhələsi çərçivəsində keçiriləcək oyun azərkeşlərin marağındadır. Təbii ki, Fransa çox güclü komandadır və nəinki seçmə mərhələnin, ümumiyyətlə, bütün turnirin əsas favoritlərindən biridir. Azərbaycan millisi üçün bu qarşılaşma olduqca çətin olacaq. Fransanın stadionunda oynamaq dünyanın istənilən komandası üçün ağır sınaq sayılır. Messi ilə Argentina, Ronaldo ilə Portuqaliya, eləcə də Almaniya və İtaliya kimi komandalar belə Fransada oynayarkən çətinlik çəkirlər”. 

Ekspert bildirib ki, Fransa yığmasının heyətində dünya səviyyəli ulduz futbolçular var:

"Ona görə də, Fransa millisinin böyük hesabla qalib gəlmək ehtimalı yüksəkdir və bu, normal qarşılanmalıdır. Hətta 2006-cı ildə "Oser faciəsi” kimi yadda qalan 0:10 hesablı nəticə belə təkrarlansa, bu, sensasiya sayılmamalıdır. Fransaya qarşı oyunda əsas məqsəd nəticə deyil, mübarizə aparmaq olmalıdır”.

K.Məstəliyev onu da qeyd edib ki, lakin bu dəfə vəziyyət bir qədər fərqlidir: 

"Son illərlə müqayisədə milli komandamız daha döyüşkən və motivasiyalı görünür. Futbolçular artıq asan təslim olmayacaq, meydanda sonadək mübarizə aparırlar. Bu da komandanın rəhbəri Ayxan Abbasovun təsirinin nəticəsidir. Xarici məşqçilər rəhbərliyi altında milli komandamız yaxşı nəticə göstərə bilmirdilər. O, yerli mütəxəssis kimi Azərbaycan futbolunda özünü sübut etmiş biridir və AFFA-nın ona etimad göstərməsi alqışlanmalıdır”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR