Beynəlxalq polis təşkilatı İnterpolun yeni prezidenti müəyyənləşib. Romada keçirilən İnterpolun 81-ci baş Assambleyasında bu posta 58-yaşlı Fransalı Mirey Balestrazi seçilib. Mirey Balestrazi 70-ci illərdən başlayaraq Fransanın polis sistemində çalışmağa başlayıb. 58 yaşlı veteran polis komissarı Fransada mütəşəkkil cinayətkarlıqla mübarizədə kifayət qədər nüfuz qazanıb.Mətbuata verdiyi açıqlamada bir qadın və bir Fransa vətəndaşı olaraq qürur hissi keçirdiyini deyən Balestrazi, özünün artıq bütün dünyanın polis qüvvələrini təmsil etdiyi faktını unutmamağı məsləhət görüb. İnterpolun xanım prezidenti artıq iş prioritetləri barədə də mətbuatı qısaca məlumatlandırıb.“Artıq virtual cinayət kimi yeni təhlükə ilə mübarizəyə ehtiyac var. Mütəşəkkil cinayətkarlıq, insan alveri, terrorçuluğa qarşı necə mübarizə aparılırsa, bu real təhlükəyə qarşı da bütün cəbhələrdə mübarizə aparmaq lazımdır. Və bunun üçün dünyanın müxtəlif polis qurumları tərəfindən istifadə olunacaq lazımı mexanizm yaratmalıyıq” – deyə İnterpolun prezidenti Mirey Balestrazi bildirib.