"Fransız səfirin belə bir açıqlama verməsində təəccüblü heç nə görünməməlidir. Özlərinə xas olan açıqlamadır. Fransa ona yaxın olan media dayaqlarının ard-arda Azərbaycanda itirildiyinin fərqindədir. Bu media dayaqları bütövlükdə Amerika başda olmaqla Qərb dünyasının dayaqları idi”.
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Fransanın Azərbaycandakı səfiri Ann Buayonın BBC Azərbaycanın Bakıdakı ofisinin fəaliyyətinin dayandırılmasına münasibət bildirməsini şərh edərkən deyib.
Politoloq bildirib ki, BBC kimi mətbuat orqanlarlnın haradan maliyyələşməsini hamı çox yaxşı dərk edir:
"Həmin mətbuat orqanlarının haradan maliyyələşməsi barədə hər kəs yaxşı bilir. Hər bir dövlətin öz daxili işidir, hansı media orqanlarının fəaliyyətinə icazə verib-verməməsi. Yaxşı olardı ki, xanım səfirin timsalında ölkəsi başqa bir müstəqil ölkənin daxili işlərinə qarışmasın. BBC təkcə Azərbaycanda deyil, bir sıra ölkələrdə onların dili ilə fəaliyyət göstərir, indi hər bir ölkənin mədəniyyətinə hörmət əlaməti olaraq onun dilində fəaliyyət göstərir? Həmin ölkənin dövlət dili ilə fəaliyyət göstərməyib bəs hansı dildə fəaliyyət göstərəcək?
C. Abbaslı qeyd edib ki, BBC kimi mətbuat orqanları Azərbaycan əleyhinə və bilavasitə LGBT-ni təbliğ edən informasiyalarla çıxış edib:
"Azərbaycan mədəniyyəti dedikdə LGTB-nin təbliğatı nəzərdə tutulmur. Hansı ki, bu və ya digər xaricdən maliyyələşən media orqanlarında bu cür təbliğat gedir, Azərbaycan mədəniyyətinə əks olan məlumatlar tirajlanırdı. Bu baxımdan xanım səfirin kədərlənməsini haradasa başa düşmək olar. Amma "keçəl suya getməz". Azərbaycan dövləti son illərdə Fransaya layiqli yerini göstərib. Bir də Ermənistanin "böyük bacısı"nın səfirindən başqa hansı açıqlamanı gözləmək olardı? Anna Buayon ölkəsinin tapşırıqlarının icraçısıdır və təbii ki, bu cəsarəti də təmsil etdiyi dövlətdən alır.
Narahat olmağa dəyməz. Fransa hələ də Vətən müharibəsi ilə Azərbaycanın öz torpaqlarını "kiçik bacıları"ndan alması ilə barışa bilmir. Son 5 ildə olan təzyiqlər də bundan qaynaqlanır. Xanım səfir açıq şəkildə deyir ki, Fransa BBC-yə borclu olduğunu bilir. Bu açıq etirafdır. Hesab edirəm ki, Azərbaycan hökuməti xarici media subyektləri ilə bağlı atdığı addımlar doğrudur. Biz Vətən müharibəsi vaxtı çox şeylərin şahidi olduq. Təbii ki, hər bir ölkədə azad medianın və jurnalistlərin fəaliyyət göstərməsi çox vacibdir. Amma xaricdən maliyyələşməyə heç bir halda yol vermək olmaz. Bu bir ölkə üçün çox təhlükəlidir”.
Mikayıl Mirzəzadə