G7 Rusiyaya qarşı sanksiyaları gücləndirir

G7 Rusiyaya qarşı sanksiyaları gücləndirir
DÜNYA
18:13 01.10.2025
139
"Böyük Yeddilik" (G7) müharibəni dayandırmaq istəmədiyi üçün Rusiyaya qarşı sanksiyaların "əhəmiyyətli dərəcədə gücləndirilməsi" barədə razılığa gəlib.

Bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

Agentlik məlumatına görə, G7-nin maliyyə nazirlərinin görüşü zamanı açıqlanması planlaşdırılan bəyanatda "Ukraynanın davamlılığını dəstəkləmək və Rusiyanın müharibəni aparmaq qabiliyyətini ciddi şəkildə zəiflətmək üçün koordinasiyalı tədbirlərin əhəmiyyətli dərəcədə gücləndirilməsinin vaxtıdır” deyilir.

Bu sənədə əsasən, G7 Rusiya iqtisadiyyatının əsas sahələri olan enerji, maliyyə və hərbi sənaye kimi sektorlara qarşı yeni tədbirlər üzərində işləyir. Bundan əlavə, onlar Moskvaya müharibədə və mövcud sanksiyalardan yayınmaqda kömək edən ölkə və təşkilatlara qarşı da tədbirlər görməyi planlaşdırır.

"Biz razılaşdıq ki, indi Rusiyanın əsas gəlir mənbəyi olan neft ixracına mümkün qədər təzyiqi artırmaq vaxtıdır”, - bəyanatda bildirilib.
 
Bu, iri Rusiya neft şirkətlərinə, eləcə də "kölgə donanması”na və enerji daşıyıcılarının ticarətinə qarşı yeni sanksiyaların tətbiq oluna biləcəyini göstərir.

Bəyanat layihəsində G7 maliyyə nazirlərinin Ukraynanın maliyyə ehtiyaclarını müzakirə etməsi, həmçinin Rusiyanın dondurulmuş aktivlərinin gələcək istifadəsi üçün tədbirlərin koordinasiyası nəzərdə tutulur.

Qeyd olunur ki, Avropa İttifaqı Rusiyanın maye qazının 2027-ci ilə qədər qadağan edilməsini nəzərdə tutan yeni sanksiya paketini hazırlayır. Həmçinin Rusiyanın enerji və maliyyə sektorlarına əlavə məhdudiyyətlər tətbiq olunacaq.

Agentliyin mənbələri bildiriblər ki, həm Avropa İttifaqı, həm də G7 cari ay ərzində sanksiya paketlərinin hazırlanmasını başa çatdırmağı planlaşdırır.
 
///APA
OXŞAR XƏBƏRLƏR