Təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda yemək yeməklə qaraciyər xəstəlikləri arasında əlaqə olduğunu üzə çıxarıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetinin (OHSU) apardığı araşdırmaya görə, gec saatlarda yemək yeyən insanlarda qaraciyər xəstəliklərinin görülmə ehtimalı 20-30 faiz daha yüksəkdir.
"Clinical Gastroenterology and Hepatology” jurnalında dərc olunan tədqiqatda gec yemək yeməyin qaraciyər piylənməsi və sirrozla əlaqəsi araşdırılıb. Tədqiqatda axşam yeməyindən sonra və ya yatmazdan əvvəl qida qəbul etmək gec saatlarda yemək kimi qiymətləndirilib.
Araşdırmanın müəllifi, qaraciyər xəstəlikləri üzrə mütəxəssis Robert Vileçanski bildirib ki, qaraciyər orqanizmin bioloji saatı ilə sıx bağlıdır. Onun sözlərinə görə, qida qəbulunun vaxtını dəyişmək, gündəlik kalori miqdarını azaltmadan da sağlamlığa müsbət təsir göstərə bilər.
Tədqiqatçılar qeyd ediblər ki, gecə yemək yemək orqanizmin qidaları emal etmə prosesinə təsir göstərə, uzun müddətdə piylənmə, diabet və qaraciyər problemləri ilə əlaqəli ola bilər.
Bununla belə, alimlər araşdırmanın gec saatlarda yemək yeməyin birbaşa qaraciyər xəstəliklərinə səbəb olduğunu sübut etmədiyini vurğulayıblar. Əlaqənin səbəb-nəticə münasibətini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Hazırda alimlər daha erkən saatlarda yemək yeməyin qaraciyər piylənməsi olan insanlarda sağlamlığa təsirini öyrənmək üçün yeni araşdırma üzərində çalışırlar.
Gülay











































