Baş Prokurorluq Gədəbəy rayonunda 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti ilə bağlı məlumat yayıb.
Qurumdan AZXEBER.COM-a verilən məlumatda bildirilir ki, cinayətin üstü Gədəbəy Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində açılıb.
Belə ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonu, Turşsu kəndi yaxınlığında, "Bəkdəmir yalı" adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan Şahbaz Abuzər oğlu Məmmədovun meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Cinayət əməlini törətmiş şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi mümkün olmadığından iş üzrə icraat sonuncu dəfə 1993-cü il martın 1-də dayandırılıb.
Cinayət işinin materiallarının, habelə işlə bağlı açılmış əməliyyat-qeydiyyat işinin yenidən öyrənilməsi zamanı cinayətin açılması üçün əlavə istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə zərurət olduğu müəyyən edilib. Bununla əlaqədar 2026-cı il avqustun 28-də Gədəbəy Rayon Prokurorluğu tərəfindən iş üzrə icraat təzələnərək ibtidai istintaqın davam etdirilməsi təmin olunub.
Aparılmış istintaq hərəkətləri və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonu, Çayrəsullu kənd sakini, 1969-cu il təvəllüdlü Polad Məmmədovun 1992-ci ilin may ayında atası Şahbaz Məmmədovu yaşadığı evdə baş nahiyəsinə bir neçə dəfə ağac parçası ilə vuraraq qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
İstintaqla müəyyən edilib ki, Polad Məmmədov törətdiyi cinayəti gizlətmək və hadisənin başqa yerdə baş verdiyi barədə yanlış təsəvvür yaratmaq məqsədilə atasının meyitini hadisədən bir neçə gün sonra yaşadıqları evin yaxınlığında yerləşən "Bəkdəmir yalı" adlanan əraziyə aparıb.
P.Məmmədov dindirmə zamanı atasını öldürdüyünü və meyiti qeyd olunan əraziyə apardığını etiraf edib və 2026-cı il avqustun 31-də şübhəli şəxs qismində tutulub.
Həmin tarixdə P.Məmmədovun əməli 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsindən həmin Məcəllənin 94-cü maddəsinin 6-cı bəndinə (ağırlaşdırcı hallarda qəsdən adam öldürmə) tövsif edilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.











































