Süni intellekt texnologiyalarının sürətlə inkişafı iş dünyasında ciddi dəyişikliklərə səbəb olur. Artıq bir çox insan gündəlik işlərini daha qısa zamanda və daha səmərəli yerinə yetirmək üçün süni intellekt alətlərindən istifadə edir. Bu inkişaf fonunda gələcəkdə bəzi peşələrin tam və ya qismən avtomatlaşdırılacağı, bəzi ixtisaslara isə tələbatın azalacağı ilə bağlı müzakirələr daha da aktuallaşıb.
Bəs yaxın illərdə süni intellekt hansı ixtisasları əvəz edə və əmək bazarında hansı dəyişikliklərə səbəb ola bilər?
Təhsil eksperti Elçin Əfəndiyev AZXEBER.COM-a açıqlamasında deyib ki, qarşıdakı 10 il ərzində süni intellektin inkişafı nəticəsində bəzi ixtisasların sıradan çıxacağı gözlənilir:

"Qarşıdakı 10 il ərzində süni intellektin inkişafı nəticəsində bəzi ixtisasların sıradan çıxacağı gözlənilir. Süni intellekt ilk növbədə operator peşəsinə ciddi təsir göstərəcək. Mobil operatorlara, bank əməkdaşlarının müəyyən hissəsinə təsir göstərə bilər. Eyni zamanda, hüquq sahələrində də süni intellektin təsiri hiss olunacaq. Bu təsir pedaqoji istiqamətlərdə də özünü göstərə bilər. Süni intellekt bəstəkarlıq sahəsinə və müğənnilərin fəaliyyətinə də təsir göstərəcək”.
O qeyd edib ki, peşə istiqamətləri üzrə isə taksi sürücüləri fəaliyyəti ilə məşğul olan şəxslərin işi risk altına düşə bilər:
"Peşə istiqamətləri üzrə isə taksi sürücüləri və digər sürücülük fəaliyyəti ilə məşğul olan şəxslərin işi risk altına düşə bilər. Çünki gələcəkdə sürücüsüz nəqliyyat vasitələrinin geniş yayılması gözlənilir. Bundan başqa, istehsalat sahəsində çalışan işçilərin də əhəmiyyətli bir hissəsinin fəaliyyətinə süni intellekt təsir göstərəcək.
Tərcümə, dizayn və oxşar yaradıcılıq yönümlü bəzi peşələr də qarşıdakı illərdə ciddi dəyişikliklərlə üzləşə bilər. Bu sahələrdə çalışanların bir hissəsinin gördüyü işləri süni intellekt yerinə yetirə biləcək”.
Şahanə Ziyad











































