Əfsələddin Ağalarov
20-ci əsrin əvvəlləri…
Rusiya hərbi və sosial anarxiya dövründə, çara xidmət edən zabitlər arasında yeni bir oyun ortaya çıxır.
Sovet İttifaqı qurulmazdan əvvəlki vətəndaş müharibəsi dövründə bu oyun daha da populyarlaşır.
Oyun qısa zamanda "şpiyonları” ifşa etmək üçün əvəzolunmaz və lakonik bir işgəncə növünə çevrilir. Tələm-tələsik şübhəlini stula oturdub, gicgahına "revolver” dayayırsan. İçində bir neçə güllə yuvası olan, silindrli tapançanın tətiyini çəkirsən. Silindr fırlanır və növbəti kamora atəş xəttinə gəlir.
Və EVRİKA…
Günahsız olsan belə, qorxudan "mən idim…” deməkdən başqa çarən qalmır.
***

Ya zəlzələdən, ya da vəlvələdən…
Azərbaycanın gicgahına "revolver” dayayanlar, rulet oynamaq həvəsinə düşənlər gec-tez anlayırlar.
Anlayırlar ki, bu məmləkət, oturduğu yerdə Brizjalov adlı generalın çiyninə asqıran, Çexovun o məzlum Çervyakov obrazı deyil.
O Çervyakov ki, rahatlıq tapa bilmir – asqırdığı üçün özünü günahkar hiss edir və "yuxarıdan olan adamı” təhqir etdiyini düşünüb dəfələrlə üzr istəməyə çalışır. Nəhayət, bu psixoloji gərginlik o həddə çatır ki, sonda evində ürək tutmasından vəfat edir.
Bəli, Çervyakovlar çoxdur. Amma biz onlardan deyilik.
Azərbaycan bu gün Türk Dünyasının gələcək konturlarını cızır. Beynəlxalq təhlükəsiz nəqliyyat xətləri yaradır.
İndi isə qucaq açırıq. Cənuba da, Şimala da, Qərbə də, Şərqə də…
"Dost olaq, yaşayaq, yaradaq,” deyirik.
Biz indi nə əmmaməli bir adamdan, nə də əlində "revolver” tutan bir əldən qorxarıq.
Əvvəl-axır gələcəksiniz, elə indi gəlin.
Gəlin, qucaqlaşaq!