“İrəli” Tarix Mərkəzinin təşkil etdiyi “Arxeoloji düşərgə 3” layihəsi bu il ölkəmizin Gənclər Paytaxtı olan Gəncə şəhərində start götürüb.
"İrəli"dən AZXEBER.COM-a verilən məlumata görə, mərkəzin üzvü olan 20 nəfər gənc tarix elmləri doktoru, professor görkəmli arxeoloq Arif Məmmədovun rəhbərliyi altında qədim Gəncənin qalıqları ərazisində aparılan arxeoloji qazıntılarda iştirak edirlər. Belə ki, gənclər 4 gün ərzində qədim Gəncə adlandırılan ərazidə (İmamzadə Məscidi yaxınlığında), həmçinin Kür çayının Mingəçevir gölünə töküldüyü Şəhər burnunda qazıntılar aparırlar. Qeyd edək ki, şəhər burnunda aparılan qazıntılar sayəsində müəyyən olunub ki, Kür çayı gəmiçiliyə yararlı olduğu vaxtlarda bunu gəmilərin sahilə yan almasını təmin edən buxtalar, yüklərin saxlanılması üçün anbarların, müsafirlərin yerləşdirilməsi üçün hücrələrin, sənətkarlıq məhəllələrinin aşkar olunması sübut edir. Həmçinin yaşayış ərazisindən mis pullar, çıraqlar, keramika, saxsı qablar da tapılıb Tapılan pullar isə xarici ölkələr ilə aparılan fəal ticarətin olmasını göstərir. Layihənin başlıca məqsədi isə arxeoloji düşərgələr təşkil etməklə, ölkəmizin tarixi yerlərini tədqiq edərək öyrənmək, arxeologiya elminə gənclər arasında maraq oyatmaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Onu da qeyd edək ki, Gəncədə aparılan arxeoloji qazıntılar avqustun 22-nə kimi davam edəcək. Layihənin növbəti mərhələsi isə Ağsu rayonunda baş tutacaq.