Gəncədə vətəndaşların xüsusi karantin rejimi qaydalarına əməl etmələri təmin olunur

Gəncədə vətəndaşların xüsusi karantin rejimi qaydalarına əməl etmələri təmin olunur
SOSİAL
19:02 06.05.2020
812

Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Gəncədə xüsusi karantin rejimi ilə bağlı məhdudiyyətlər hələ də qalmaqdadır.

AZXEBER.COM xəbər verir ki, bu səbəbdən də Gəncədə polis əməkdaşları Daxili Qoşunların şəxsi heyəti ilə birlikdə gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan mobil qrupların üzvləri də sakinlərin maarifləndirilməsində aktiv şəkildə iştirak edirlər.

 Gəncədə əhalinin sıxlıq təşkil etdiyi ərazilər nəzarətdə saxlanılır. Sakinlərin nizam-intizama əməl etməsi üçün zəruri tədbirlər görülür. Xüsusi ilə Gəncə ASAN Xidmət Mərkəzinin, poçt filiallarının, ATM-lərin və marketlərin qarşısında reydlər aparılır.  Qeyd olunan məkanlarda növbədə dayanan sakinlər arasında 2 metrlik məsafəsinin saxlanılması təmin edilir. Vətəndaşlara karantin rejiminin tələbləri izah edilir, tibbi maska paylanılır.  

Xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə nəzarət üçün Gəncənin giriş-çıxışlarında qurulan postlar fəaliyyətlərini davam etdirirlər. Polis əməkdaşları nəqliyyat vasitələrinin sürücü və sərnişinlərini yoxlayır, zəruri sənədləri olmayan vətəndaşlar şəhərə buraxılmırlar.

Qeyd edək ki, şəhər ərazisində mütamadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 1300-dən artıq şəxs müvafiq qaydada cərimə edilib 13 nəfər isə məhkəmələrin qərarı ilə inzibati qaydada həbs olunub. 





OXŞAR XƏBƏRLƏR