Müxalif mətbuatda icra başçısı haqqında yazılan yazılar şəhər ictimaiyyətində hiddət doğurub
Son dövrlər müxalif mətbuatda Gəncə şəhəri və şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev haqqında müxtəlif ittihamlar dolaşır. Onu ən müxtəlif məsələlərdə, şəhər sakinlərinin problemlərinə laqeyd yanaşmaqda, ölkənin ikinci paytaxtını özəlləşdirməkdə ittiham edən müxalifət qəzetləri hətta bu məqsədlə Gəncəyə səfər etməyi, hətta oradan öz maraqlarına uyğun reportajlar hazırlamağı da unutmurlar.
Müxalifət qəzetlərində Gəncənin problemləri ilə bağlı dərc olunan çoxsaylı yazılardan sonra bir qrup Gəncə sakini redaksiyama müraciət edərək, yazılarda qeyd olunanların həqiqəti əks etdirmədiyi, müxtəlif adlarla təqdim olunan sakinlərin ya ümumiyyətlə mövcud olmadığını, ya da radikal müxalifət partiyalarının yerlərdəki təmsilçiləri olduğunu söyləyiblər.
Editor.az Gəncədə əhalinin durumu, icra başçısının ünvanına səsləndirilən ittihamlara aydınlıq gətirmək üçün iki əməkdaşını ikinci paytaxt şəhərinə ezam edib.
Qatarda formalaşan ilkin təəssürat…
İlk növbədə onu deyək ki, sərnişini olduğumuz Bakı-Gəncə ekspress qatarı komfortu, səliqə-səhmanı ilə göz oxşayırdı. Hər bir vaqonda daxili avadanlıqları və hərəkətedici hissələri müasir üslubda təmir olunmaqla yanaşı 4 ədəd televizor, içməli su, sensorlu idarəetmə sisteminə malik fotoeffekt tipli əl-üzyuyan, ekoloji təmiz ayaq yolu, monobloklu kondisioner sistemi və soyuducu agentlə, eyni zamanda ən son model generatorla təchiz olunmuş, noutbukların elektrik cərəyanına qoşulması, sərnişinlərə hər cür xidmətin göstərilməsi və s. üçün geniş imkanlar nəzərdə tutulub. Bu da bizə həm yolu rahat şəkildə getmək, həm virtual aləmin yenilikləri ilə tanış olmaq, o cümlədən sərnişinlərlə normal dialoq aparmaq imkanı yaradırdı. Bu məqamda Muradın sözü lap yerinə düşdü – “Vallah bu vaqon bizim ofisdən də rahatdır”.
Eyni kupedə yol yoldaşı olduğumuz Vilayət Əliyevin 41 yaşı var. Dediyinə görə, 18 il imiş Rusiyada yaşayırmış. Bu 18 ildə bircə dəfə də olsun vətənə baş çəkməyən Vilayətin iki il öncə gördükləri onu dəhşətə gətirib: “Mən Rusiyaya gedəndə Gəncədə bütün infrastruktur demək olar ki, dağılmışdı. Şəhərin yolları bərbad gündə, insanların maddi durumu olduca aşağı idi. Camaat maddi səfalət içində üzürdü. Gəncə qarşıdurmaların mərkəzinə çevrilmişdi. Şəhərdə ölkə hakimiyyətinə qarşı narazılıq başlamışdı. Camaatın variantı yox idi. Hamı baş götürüb qaçırdı. Belə bir gərgin şəraitdə mən də yenicə qurduğum ailəmi götürüb Rusiyaya getdim. Düz 18 il vətənə qayıda bilmədim. Fikirləşirdim ki, qayıtmağın mənası yoxdur, qoy mənim gözümdə Gəncə gözəl bir xatirə kimi qalsın. Əmin idim ki, doğulub boya-başa çatdığım şəhərdə görəcəklərim sarsıdıcı olacaq. Anamın vəfatı ilə bağlı ölkəyə qayıtmağa məcbur oldum. Gözlərimə inana bilmirdim. Gəncə tamamilə dəyişmişdi, şəhər filmlərdə gördüyümüz Parisi xatırladırdı. Elə şəhərə ayaq basanda qərar verdim ki, birdə geri qayıtmayacam. Son iki ildə əldə etdiklərimi isə Rusiyada 18 ilə əldə edə bilməmişdim. Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğulam. Dolanışığım yaxşıdır, ailəmin bütün ehtiyaclarını ödəyə bilirəm. Həyatda bir şeyə təəssüf edirəm – kaş ki, elə doğma vətəni tərk etməyəydim”.
İcra başçısı Elmar Vəliyevin fəaliyyətindən danışan Vilayət onu alicənab, təvazökar bir rəhbər kimi tanıdığını söylədi: “Elmar müəllim, çox sadə adamdır. Hamı ilə dil tapmağı bacarır. Qısa müddətdir şəhərə rəhbər təyin olunsa da, çox ciddi işlər görüb. O gün qəzetlərdən birində yazıblar ki, Gəncədə yollar bərbaddır. Bu sözü deyən adam yalan danışır. Gəncədə nəinki şəhərin mərkəzi, kənd yolları belə müasir tələblərə cavab verir. Gəncədə son illər istifadəyə verilən yollar Rusiyada belə yoxdur”.
Ziyalılar nə düşünür?
Səfərimizə ilk olaraq şəhəri gəzməklə start verdik. Gəncədə sözün əsl mənasında qələbəlik hökm sürürdü. “Bir balaca ədalət hissi olan adam Gəncədə aparılan quruculuq işlərinə kölgə salmaz” deyib, həmkarlarımızın qəlbinə dəymək istəməsək də, ölkənin ikinci paytaxtı sözün əsl mənasında birinci paytaxtdan geri qalmırdı. Şəhərdə yollar, ağaclar, istirahət mərkəzləri, yeni tikili binalar, iaşə obyektləri göz oxşayırdı.
“Sözün düzünü ziyalılar deyər” deyib, ilk öncə ziyalılarla görüşmək qərarına gəldik. Gəncə Regional Elmi Mərkəzinin direktoru Fuad Əliyev, Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov, Texnologiya Universitetinin rektoru Akif Süleymanov, Aqrar Universitetin professoru Zaur Həsənov, Texnologiya Universitetinin professoru Sakit Verdiyev, Aqromexanika institutunun direktoru Kamil Fətəliyev və Gəncə şəhər, Nizami rayonu Sosial Mudafiə Fondunun direktoru Nizami Əhmədovla şəhərdəki vəziyyətlə bağlı söhbətləşdik.Onlar bildirdilər ki, bu gün Gəncədə elm adamlarına, təhsil ictimaiyyətinin nümayəndələrinə, ümumilikdə təhsilin inkişafına yüksək şərait yaradılıb: “Elmar müəllim həftədə bir dəfə şəhər ziyalılarını qəbul edərək, onlarla müzakirələr aparır. Şəhərin inkişafı, gələcəyi ilə bağlı təəssüratlarını öyrənir. Öz fəaliyyətində də onların rəy və təkliflərini əsas götürür”.
İcra başçısından razılıq edən ziyalılar müxalif mətbuatda səslənən ittihamların əsassız olduğunu deyirlər: “Bu gün Gəncədə, Elmar müəllimin uzun illər rəhbərlik etdiyi Yevlaxda bir səmimi adam tapa bilməzsiniz ki, onun fəaliyyətindən narazı olsun. Müxalifət ölkədə həyata keçirilən inkişafı gözdən salmağa çalışır.Elmar müəllim cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Gəncə üçün olduqca mühüm işlər görür. Bu mənadaGəncə əhalisi üçün müxalifət qəzetlərinin Elmar müəllim haqqında hansı saxta yazılar yazmasının heç bir əhəmiyyəti yoxdur. Gəncəlilər onu yaxşı tanıyır və etimad göstərir. Birmənalı şəkildə demək olar ki, Prezident İlham Əliyev Gəncəni yenidən gəncəlilərə qaytarıb. Bundan böyük xoşbəxtlik ola bilməz”.
Sadə gəncəlilər də Elmar Vəliyevdən razıdır
Gəncə sakini Gülçöhrə Tağıyeva deyir ki, Elmar Vəliyevin icra başçısı kimi ilk tapşırıqlarından biri bağçalarla bağlı olub: “Əvvəllər Gəncədə bağçalar bərbad, baxımsız vəziyyətdə idi. Bu səbəbdən işləyən valideynlər, o cümlədən mən məcbur olub öz azyaşlı övladlarımızı dayələrə etibar edirdik. Elmar Vəliyev icra başçısı gəldiyi gündən problemin həllinə girişdi. İndi Gəncədə ən müasir standartlara cavab verən uşaq bağçaları tikilib istifadəyə verilib ki, bu da biz valideymləri sevindirir. Artıq rahat nəfəs ala bilirik ki, övladlarımız etibarlı əllərdədir. Buna görə, Elmar Vəliyevə təşəkkür edirik”.
Gəncə sakini Vidadi Hüseynov deyir ki, yerli əhalinin icra başçısının fəaliyyətindən narazı olması ilə bağlı iddialar əsassızdır: “Gəncə son illər özünün ciddi inkişaf mərhələsinə qədəm qoyub. Bu da öz növbəsində təsadüfi deyil. Elmar Vəliyevin fəaliyyətinin nəticəsidir. Bir şəhər sakini olaraq deyə bilərəm ki, Elmar Vəliyev cənab Prezident İlham Əliyevin siyasətini bu gün Gəncədə uğurla davam etdirir”.
Sahibkar Əziz Kərimov da icra başçısının fəaliyyətindən razılıq edir. Onun sözlərinə görə, bu gün şəhərdə iş adamlarına bütün imkanlar yaradılıb. Elmar müəllimin qəti göstərişidir ki, iş adamları təzyiqlərə məruz qalmasın və sahibkarlara süni manelər yaradanlar qarşısında qanunu və məni görəcəklər. Gəncədən olan iş adamları olaraq biz Elmar müəllimin qayğısını daima öz üzərimizdə hiss edirik.
Səfər zamanı gəldiyimiz yekdil qənaət bu oldu ki, ağa qara deməyə öyrəncəli, şəxsi mənafeləri naminə dövlətçilik maraqlarını belə qurban verməyə hazır müxalifətin və onların qəzetlərinin yazdıqları ağ yalandan başqa bir şey deyil. Bunu görmək üçün isə bircə dəfə Gəncəyə getmək kifayət edir.
Gəncə gözəl şəhərdir, getməyə dəyər, peşman olmazsınız!
Bakı-Gəncə-BakıEditor.az