Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan deputat Fazil Mustafa bildirib ki, nikah və boşanmaların sayındakı dəyişikliklər bir sıra sosial amillərlə əlaqəlidir.
Onun sözlərinə görə, son illərdə gənclərin evliliyə münasibəti dəyişib və onlar ailə qurmaq qərarını daha gec yaşlarda verməyə üstünlük göstərirlər.
"Bunun müxtəlif səbəbləri var. Həm sosial vəziyyətlə, həm də ümumi proseslərlə bağlıdır. Gənclərin evliliyə münasibəti müəyyən dərəcədə dəyişib. Bir çox hallarda onlar daha gec yaşlarda evlənməyə qərar verirlər. Buna görə də bu problemlər bir-biri ilə əlaqəlidir. Boşanmaların müəyyən səbəbləri arasında təhsil səviyyəsinin aşağı olması ilə bağlı məsələlər də var. Bəzi hallarda boşanma müəyyən hüquqi prosedurları həyata keçirmək, o cümlədən mülkiyyət məsələlərini həll etmək məqsədi daşıya bilər”.
Fazil Mustafa əlavə edib ki, demoqrafik vəziyyətin yaxşılaşdırılması, insanların ailə qurmağa marağının artırılması və ailələrin möhkəmləndirilməsi də mühüm əhəmiyyət daşıyır.
"İnsanların ailə qurmağa marağının artırılması ailələrin möhkəmliyi baxımından vacibdir. Burada bir çox məqam var. İnsanlar ciddi sıxıntılarla üzləşmədikdə, daha sağlam qərarlar verə bilirlər”, – deyə deputat qeyd edib.
Fəridə Əsədzadə











































