Gənclər günü – Azərbaycanda dövlətin gənclərə verdiyi qiymətin göstəricisidir

GƏNCLİK
12:57 01.02.2018
3859
 Ramil Qasımov,
"Mədəniyyət” kanalının direktoru, politoloq
 
Gənclər günü – Azərbaycanda dövlətin gənclərə verdiyi qiymətin göstəricisidir
 
Fevral ayının 2-si 1997-ci ildən etibarən Azərbaycanda gənclər günü kimi qeyd olunur. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1999-cu ildə təsis edilən və 12 avqust tarixində qeyd olunan Beynəlxalq Gənclər Günü yalnız 2000-ci ildən, yəni bizim ölkədən bir neçə il sonra keçirilməyə başlamışdır.
 
Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmuşdur. Bu isə Azərbaycanda dövlətin gənclərin problemlərin həlli, onların hərtərəfli inkişafı, maraqlarının müdafiəsi və digər xüsusi əhəmiyyət kəsb edən məsələlərlə bağlı prioritet fəaliyyət istiqamətlərinin olması ilə izah oluna bilər.
 
Həmçinin, bununla yanaşı, böyük siyasi lider Heydər Əliyevin gəncliyə göstərdiyi böyük qayğı və diqqətin daha bir nümunəsi olaraq, onun təşəbbüsü ilə 1996, 1999 və 2003-cü illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, bura xaricdə yaşayan həmvətənlərimizin də dəvət olunması, Ulu öndərin dərin məzmunlu nitqləri gənclərin həyatında mühüm siyasi dönüş yaranmasına səbəb oldu. Gənclər gününün əhəmiyyətindən danışarkən, ölkəmizdə keçirilimiş gənclər forumları haqqında məlumat vermək yerinə düşərdi. Təsadüfi deyil ki, Gənclər günü ilk Gənclər forumunun keçirildiyi 2 fevral 1996-cı il tarixiylə əlamətdarlıq qazanmış və hər il qeyd olunmağa başlamışdır.
 
Azərbaycan gənclərinin I Forumunun keçirildiyi vaxtdan dövlət gənclər siyasəti sahəsində olduqca böyük işlər görülmüşdür. "Bədən tərbiyəsi və idman haqqında”, "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, "Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, habelə "Gənc ailə” proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı və digər qanunvericilik sənədləri bu qəbildəndir.
 
1996-2002 -ci illər ərzində imzalanan bu fərman və sərəncamlar gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi cəhətdən yetkinləşməsinə, habelə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun artmasına, idmanın kütləviləşməsinə böyük təsir göstərmiş, hər bir Azərbaycan gəncinin respublikamızın ictimai-siyasi həyatında yaxından iştirakı üçün geniş imkanlar açmış bununla yanaşı, ayrı-ayrı dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsini şərtləndirmişdir.
 
2003-cü il oktyabr ayının 13-də keçirilmiş Azərbaycan Gənclərinin III Forumu əvvəlki forumlardan fərqli olaraq, ötən dövr ərzində görülmüş işlərin layiqincə qiymətləndirilməsi, gənclərə azərbaycançılıq məfkurəsinin aşılanması yollarının müəyyənləşdirilməsi, qərarların yerinə yetirilməsi üçün ölkənin bütün qüvvələrini səfərbər etməsi ilə yadda qaldı. 2005-ci il oktyabrın 14-də Azərbaycan Gənclərinin IV Forumunda Heydər Əliyev ideyalarına sadiqliyini bir daha nümayiş etdirən prezident, cənab İlham Əliyev bu toplantıda vurğulandı ki, hakimiyyətin gənclərlə bağlı siyasəti dövrün tələblərinə uyğun, bugünkü reallıqlar nəzərə alınmaqla uğurla həyata keçirilir: "Çox şadam ki, Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edirlər. Bu, çox təqdirəlayiq bir haldır. Mən hesab edirəm ki, gənclər irəliyə doğru daha da inamla getməlidirlər, müvafiq dövlət, hökumət orqanlarında gənclərə böyük yer ayrılmalıdır, onlara inam olmalıdır.
 
Çünki bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla irəli çəkmək, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar".
 
2008-ci il oktyabrın 3-də Gənclərin V Forumu bir növ hesabat xarakteri daşıyırdı. Bu forumda Azərbaycan gəncliyinin keçdiyi şərəfli yol, gənc nəslin Ulu öndərin həyat fəlsəfəsinə, ideallarına sadiqliyi, dövlət orqanlarının gənclərə ayırdığı yer və onların potensialından istifadə imkanları nəzərdən keçirildi. Gənclərin V forumundan sonrakı dövr ərzində sağlamlıq imkanları məhdud olan uşaq və gənclərin beynəlxalq tədbirlərdə, bayram şənliklərində iştirakına, onların muzeylərə ekskursiyalarına, Milli parkda gəzintilərinə, xüsusi qayğıya ehtiyacı olan minlərlə gənclərin yay istirahət düşərgələrində istirahətinə şərait yaradılmışdır.
 
Gənclərin VI forumunun iştirakçılarına məktubunda dövlət başçısı İlham Əliyevin bu fikri öz əksini tapmışdır: "Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.”
 
Bu çıxışdan aydın görünür ki, prezidentimiz gənclərə çox böyük ümid bəsləyir və bir çox problemlərin məhz onların əməyi, qətiyyəti ilə həll olunacağına inanır. 2-3 iyun 2014-cü il tarixlərində keçirilən Azərbaycan Gənclərinin VII Forumu çərçivəsində gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, gənclərin ictimai həyatda iştirakı və beynəlxalq əməkdaşlığı, gənclərin sosial inkişafı və sahibkarlıq, müasir gənclərin təhsil və elmin inkişafında yeri və rolu, yaradıcı gənclərə dəstək və ölkənin innovativ potensialı bölmələri üzrə müzakirələr aparılmışdır. Gənclərin VII Forumunda respublikanın bütün rayon və şəhərlərindən seçilmiş 1900 nəfər nümayəndə iştirak etmişdir.
 
Gənclər Forumlarının keçirilməsi artıq ənənə halını almış və ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin tərkib hissəsi olmaqla Azərbaycan gənclərinin ölkə daxilində səfərbər olunmasını, inteqrasiyasını və onların inkişafını əsaslandıran başlıca mexanizmlərdən biri olmuşdur. Gənclər siyasətinin təməl daşını qoyan Heydər Əliyev ölkədə bu siyasətin düzgün aparılmasını çox önəmli hesab edərək deyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
 
Dahi lider deyirdi: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”. O, Azərbaycan gənclərinə inanırdı və 1998-ci il ölkə gəncləri ilə görüşündə bunu dilə gətirərək demişdir: "Əziz övladlar! Sizin kimi gəncləri olan, gələcəyi olan Azərbaycan basılmazdır, sarsılmazdır! Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var. Bunlar sizlərsizin, əziz övladlar!” Müasir Azərbaycanın memarı Azərbaycan gəncliyini müdafiə etməklə xalqın gələcəyini təmin etmiş oldu. Bu gün bütün gənclərin və yeniyetmələrin bir arzusu var - yaxşı təhsil almaq, vətənə layiqli övlad olmaq və xalqın, ölkənin gələcəyi üçün əlindən gələni etmək. Bu, ümummilli lider Heydər Əliyevin gənclərdən və yeniyetmələrdən əsas tələbi idi. Bugünkü müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri də Azərbaycan gəncliyidir. Bütün bu deyilənlər bir daha onu sübut edir ki, gənclərin əsil Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Onun zəngin və iftixarlı dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Məhz Heydər Əliyevin rəhbərliyi ilə təhsil ocaqlarında gənclərin bilik qazanması üçün yüksək şərait yaradılmışdır.
 
Dövlət vəsaiti hesabına müasir məktəblər tikilib, tədris müəssisələri kompüterlərlə təchiz edilib. İndi bütün şagirdlər ən gözəl məktəblərdə, ən son texnologiyalarla təchiz olunmuş tədris müəssisələrində təhsil alırlar. Və bu gün fəxrlə demək olar ki, Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır: onların uğuru dövlət və hökümət qurumlarından, intellektual bilik yarışlarından, beynəlxalq konfranslardan eşidilir. Azərbaycan həqiqətlərini - ədəbiyyatını, musiqisini, rəqsini, folklorunu, mətbəxini, milli-mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər bütün səy və bacarığı ilə dövlətçilik ənənələrimizi tanıdaraq, onların dünya ictimaiyyəti tərəfindən sevilməsinə nail olurlar. İndi əsas amal bu günə kimi formalaşan gənclər ordusunu heç bir itki vermədən gələcəyə aparmaqdır. Şübhəsiz, bu, belə də olacaq. Çünki Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə sabaha- yeni uğurlara imza atmağa daha yaxındır. Prezident İlham Əliyev əsası Ulu öndərimiz tərəfindən qoyulan gənclər siyasətini uğurla həyata keçirərək gənclərin aparıcı qüvvəyə çevrilməsi və onların sosial-iqtisadi problemlərinin həllini təmin olunması məqsədilə böyük işlər görür.
 
Dövlət quruculuğunda gənclərin fəal iştirakına şərait yaratmaq, gənc ailələrə kömək göstərmək, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarını qorumaq, sosial problemlərin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edir. Bu gün ölkədə gedən proseslər bir daha göstərir ki, dahi liderin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi "böyük gələcək” siyasəti artıq öz bəhrələrini verir. Azərbaycanın inkişafı, dünya dövlətləri sırasında öz layiqli yerini tutması hər bir vətəndaşımızın, o cümlədən, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın üzərinə yeni-yeni vəzifələr qoyur. Və hər bir azərbaycanlı bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün çalışır. Heç şübhəsiz, Azərbaycanın aparıcı qüvvəsi olan gənclər bu istiqamətdə xüsusi olaraq fərqlənirlər.
 
Daha doğrusu, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, ölkəmizin inkişafına xidmət edən dövlət siyasətinin həyata keçirilməsində gənclərə xüsusi yerin ayrılması heç kimə sirr deyil. Gəncləri sevən, onları daima diqqət mərkəzində saxlayan Heydər Əliyev gənclərin məhz milli vətənpərvərlik ruhunda, milli mənəvi dəyərlərə söykənərək tərbiyə olunmasını vacib sayırdı. Ulu öndər nitqlərinin birində bu barədə söyləmişdir׃ "Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməli, tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməli, vətənpərvər olmalıdır. Vətənpərvərlik sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”. Ulu öndər Heydər Əliyev vətən uğrunda canından keçmiş, həyatını qurban vermiş, şəhid olmuş hər bir azərbaycanlıya, Azərbaycan vətəndaşına böyük hörmətlə yanaşır, onların xatirəsini əbədiləşdirməyə çalışırdı. Məhz Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Böyük Vətən müharibəsi veteranlarına da qayğı göstərilmişdir.
 
Mehdi Hüseynzadəyə, Rixard Zorgeyə və digər Vətən oğullarına ucaldılan abidələr gənc nəslin vətənpərvərlik tərbiyəsində, gənclərdə milli qürur, doğma yurda və torpağa məhəbbət hissinin aşılanmasına xidmət edirdi. Öz növbəsində dövlət tərəfindən böyük diqqət və qayğı görən Azərbaycan gəncliyi də həm ölkəmizin suverenliyi və ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanır, həm daha keyfiyyətli, bacarıqlı və yaradıcı kadr olmaq üçün müxtəlif biliklərə yiyələnir, həm də dünya səviyyəli idman yarışlarında fərqlənərək bayrağımızın yüksəkliklərə qaldırılmasını təmin edir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanda gəncliyə dövlət tərəfindən diqqət və qayğının göstərilməsinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan gəncləri Ulu öndərin sonsuz qayğısını və dövlətin himayəsini onun ali siyasi hakimiyyətə ikinci dəfə qayıdışının elə ilk illərindəcə hiss etməyə başlamışdır. Heydər Əliyevin həm sovet Azərbaycanına, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən birini təşkil etmişdir.
 
Əslində, Azərbaycanda bu gün həyata keçirilən və yüksək nəticələr verən gənclər siyasətinin əsası keçən əsrin yetmişinci illərində qoyulub desək, heç də yanılmarıq. Çünki məhz Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra ölkədə bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də əsaslı addımlar atılmışdır. Məhz Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin uğurlu davamının nəticəsidir ki, müasir dövrdə Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında aktiv iştirakla paralel, beynəlxalq miqyasda da böyük uğurlar əldə edirlər. Və məhz ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gənclərinin öz potensialını həyata keçirmələri üçün münbit şərait yaradılmışdır.
 
Gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün onların hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalarını vacib sayan Ulu öndər deyirdi : "Öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər heç vaxt vətəninə, xalqına ögey münasibət bəsləməz. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”. Prezident İlham Əliyev gənclərə qayğı siyasətinin uğurla davam etdirildiyini 2007-ci il fevralın 22- də Gənclər günü münasibətilə ölkəmizin gənclər təşkilatlarının nümayəndələri ilə görüşü zamanı rəsmən elan etmişdir. Ölkə rəhbəri bu görüşdə üzünü gənclərə tutaraq söyləmişdir ki, Azərbaycan Respublikasının gələcək inkişafında gənclərin rolu olduqca böyükdür və vacibdir. Çünki ölkə əhalisinin əksəriyyəti gənclərdən ibarətdir və onlar ictimai həyatın bütün sahələrində çalışırlar. Prezidentin gənclərdən ilk istəyi, ilk tələbi yaxşı oxumaq, mükəmməl təhsil almaq, bütün sahələrdə dərin, əsaslı biliklərə sahib olmaq və bununla da ölkəmizə layiqli vətəndaş olaraq onun davamlı və dinamik inkişafının təminatçısına çevrilmək oldu: "Təhsil hər bir ölkənin inkişafında başlıca rol oynayır. Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, məhz o ölkələr yüksək səviyyədə inkişaf edir ki, orada elm, bilik, təhsil yüksək səviyyədədir. Bu, gənc yaşlardan məktəbdən başlayır. Biz də istəyirik ki, Azərbaycan hərtərəfli inkişaf etmiş ölkə olsun. Bizim böyük təbii sərvətlərimiz var. Ancaq sözün əsl mənasında, inkişaf etmiş ölkə olmaq üçün biz iqtisadi potensialı insan potensialına çevirməyi bacarmalıyıq. Müstəqil Azərbaycan dövləti çalışır ki, bütün məktəblərdə ən müasir tədris prosesi tətbiq olunsun, məktəblərin maddi texniki bazası möhkəmlənsin, uşaqlar yaxşı şəraitdə oxusunlar. Hər bir məktəbdə kompyuter sinfi yaradılır və bütün məktəblər internetə qoşulur. Bu, bilik, savad deməkdir, dünyaya pəncərə deməkdir, Azərbaycanın dünyaya inteqrasiyası deməkdir”. Azərbaycan gəncləri ilə keçirilən bu görüşdə Prezidemt İlham Əliyev onlara öz tövsiyyələrini verdi və əmin olduğunu bildirdi ki, 5-10 ildən sonra yetişən savadlı, bilikli insanlar Azərbaycanı inamla irəliyə aparacaqlar: ”Bizim məqsədimiz bundan ibarətdir: Ölkəmiz möhkəmlənsin, güclənsin, Azərbaycan xalqı daha yaxşı yaşasın, ölkə qarşısında duran bütün vəzifələr həll olunsun, bölgədə bizim mövqeyimiz daha da güclü olsun”. Həmçinin qeyd edək ki, bu görüşdə Prezident İlham Əliyev gənclərlə bağlı həyata keçirilən çoxsaylı işləri də diqqətə çatdırmışdır.
 
Cənab İlham Əliyevin Fərmanı ilə 2006-cı ildə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi yenidən təşkil edilmişdir. Beləliklə, Nazirliyin qarşısında gənclərin daha mükəmməl şəkildə təşkilatlanması, onların problemlərinin həlli ilə bağlı yeni ciddi vəzifələr qoyulmuşdur. Prezident İlham Əliyev hər zaman ilk növbədə gənclərin təhsil səviyyəsinin, onların bilik və bacarıqlarının yüksəldirməsi məsələsinin qayğısına qalmışdır. Həmin görüşdə o qeyd etmişdir ki, dövlət tərəfindən gənclərə hər cür qayğı göstərilir, onların təhsil alması, Azərbaycanın gələcəyi naminə çalışması üçün hər cür şərait yaradılır. Belə ki, ali məktəblərdə təhsil alan gənclərin təqaüdləri qaldırılır, digər məsələlər də öz həllini tapır. Bu baxımdan da dövlət gənclər siyasətinin mühüm istiqamətini gələcək nəslin intellektual səviyyəsinin artırılması ilə bağlı çoxsaylı işlərin həyata keçirilməsi təşkil edir. Qeyd olundu ki, məhz həyata keçirilən işlərin nəticəsidir ki, uğurlu təhsil islahatları sayəsində gənclərimizin təhsil səviyyəsi xeyli dərəcədə artıb. Eyni zamanda, yaradılmış geniş, unikal imkanlar gənclərin elmi fəaliyyətlə məşğul olması üçün böyük stimul olub. Çox ürəkaçan və sevindirici haldır ki, bu gün ölkədəki tədqiqatçıların on doqquz faizini (19 %) məhz gənclər təşkil edir. Dövlət büdcəsinin böyük hissəsi gənclərin təhsil xərcləri üçün nəzərdə tutulub. Prezident həmçinin qeyd etdi ki, gənclər təhsillərini bitirdikdən sonra təbii ki, Azərbaycanda iqtisadi və digər sahələrdə olan imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər. İndi bu imkanlar var və gənclər bütün sahələrdə fəal iştirak etməli, cəmiyyətin fəal üzvləri olmalıdırlar. Bu, ölkəmiz üçün, onun gələcəyi üçün lazımdır. Hazırda Azərbaycanda mövcud olan iqtisadi və siyasi vəziyyət də bütün bunlar üçün imkan yaradır. İlham Əliyev son dövrlərdə idmanın da sürətlə inkişaf etdiyini, Azərbaycan bayrağının olimpiadalarda, dünya çempionatlarında qaldırıldığını xüsusi vurğuladı, qeyd etdi ki, bu məhz gənclərin xidmətidir, dövlətin idmana olan diqqət və qayğısının nəticəsidir. Çünki Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıran məhz gənclərdir. Bu həm vətənpərvərlik ruhunun yüksəlməsi, həm ölkənin imici üçün, həm də insanların sağlamlığı üçün lazımdır. Bu səbəbdəndir ki, Azərbaycanda yeni idman komplekslərinin tikintisi geniş vüsət almışdır. Bu proses respublikamızın müxtəlif bölgələrində də gedir və gənclərin idmanla məşğul olması üçün gözəl şərait yaradılır. Öz növbəsində, gənclərimiz də öz uğurları ilə ölkəni sevindirirlər.
 
Cənab Prezident İlham Əliyev Ulu öndər tərəfindən əsası qoyulan bu siyasətin layiqincə davam etdirərək gəncərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının qayğısına qalmışdır. O, gənclərlə görüşündə də onların Vətən qarşısında xidmətlərini qabartmış, gənclərin hər birisinin rolunu Vətən əsgəri, Vətən müdafiəçisi səviyyəsinə qaldırmışdır. Prezident həmçinin qeyd etmişdir ki, Azərbaycan ordusunda xidmət edənlərin böyük əksəriyyəti gənclərdir. Onlar düşmənlə üzbəüz dayanaraq Vətəni qoruyurlar, Azərbaycanın müstəqilliyini qoruyur və möhkəmləndirirlər. Gənclər lazım gələn anda doğma torpaqlarımızın azad olunması üçün ilk addımı atacaqlar. Amma Azərbaycan dövləti əlindən gələni edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini tapsın. Bu barədə İlham Əliyev bele demişdir: "Mən istəyirəm ki, məsələ sülh yolu ilə həll edilsin, istəmirəm ki, müharibə olsun. Çünki müharibə olarsa, gənclərimiz qurban gedəcək, Şəhidlərimiz olacaq, qan töküləcək, göz yaşları axıdılacaqdır. Ancaq eyni zamanda, biz hər bir başqa vəziyyətə də hazır olmalıyıq. Məhz bu məqsədlə Azərbaycanda gedən güclü ordu quruculuğu prosesi bu gün artıq bizə imkan vermişdir ki, bölgədə qüvvələr nisbətini öz xeyrimizə dəyişmişik. Güclü orduya malik olmaq o demekdir ki, istənilən anda biz öz doğma torpaqlarımızı azad edə bilərik!” Dövlətimizin gənclərə olan böyük qayğısının nəticəsi idi ki, 2007 - ci il ölkədə Prezident İlham Əliyev tərəfindən "Gənclər ili" elan edilmişdir. 9 fevral 2007-ci il tarixdə "Gənclər ili” ilə əlaqədar müvafiq Sərəncamla "Tədbirlər planı” təsdiq edilmişdir.
 
"Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010- cu illər), "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012- ci illər) gənclər siyasətinin daha da təkmilləşdirilməsini, gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasını, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasını, yaradıcılıq potensialının səmərəli idarə edilməsini, gənclərin intellektual səviyyəsinin yüksəldilməsini, xüsusi istedadlı gənclərin seçilməsini və onlarla müvafiq tədbirlərin həyata keçirilməsini, gənclərin sosial problemlərinin həllini həyata keçirir. Ölkəmizdə gənc nəslin inkişafın və dövlət gənclər siyasətinin müxtəlif aspektlərinin reallaşdırılması Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKONUN xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai-siyasi fəaliyyətinin əsas istiqamətlərindən biridir. Mədəniyyət və incəsənət sahəsində istedadlı gənclərin üzə çıxarılması, qeyri-maddi mədəniyyət abidələrimizin qorunub saxlanması və təbliği, gənclərin təhsili və sağlamlığı, idmanın inkişafı və təbliği Mehriban xanımın gənclərlə bağlı fəaliyyətinin nə dərəcədə genişmiqyaslı olmaasından xəbər verir. Mehriban xanımın təşəbbüsü ilə rəhbərlik etdiyi Heydər Əliyev Fondu, Mədəniyyətin dostları fondu, muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi üçün ənənə halını almış məqsədi ilə "Muğam televiziya müsabiqə”ləri keçirir.
 
İlk muğam müsabiqəsi 2005-ci ildə, sonrakı müsabiqələr isə 2007, 2009, 2011, 2013, 2015 və 2017-ci illərdə Azərbaycan Televiziyasi tərəfindən keçirilmişdir. Sevindirici haldir ki, müsabiqə qalibləri Televiziyanin solistlərı kimi, hal hazirda fəaliyyət göstərirlər. Bununla yanaşı Mehriban xanımın dəstəyi ilə ölkəmizdə 2009-cu ildən başlayaraq Beynəlxalq Muğam Festivalının, Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi ənənəsinin əsası qoyulmuşdur. Bu beynəlxalq səviyyəli tədbirlərdə dünyanın bir çox ölkələrindən musiqi kollektivləri və məşhur ifaçılar iştirak etmiş və Azərbaycanda dövlətin mədəniyyət və incəsənətin inkişafın göstərdiyi yüksək qayğı və diqqətin şahidi olmuşlar. Bununla yanaşı, 2012-ci ildə Bakıda keçirilən və gənc ifaçıların qatıldığı Avroviziya müsabiqəsinin təşkilat komitəsinin sədri kimi Mehriban xanım Əliyeva ölkəmizin musiqi imicinin yüksəlməsinə nail olmuşdur. Qeyd etmək istərdim ki, bu tədbirlərin təşkili və keçirilməsində, təbliğində mənim hal-hazırda çalışdığım "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən, Azərbaycan Televiziyasının Mədəniyyət kanalı yaxından iştirak etmiş və tədbirləri birbaşa efirlə geniş izləyici auditoriyasına təqdim etmişdir. Mehriban xanım ölkəmizdə keçirilmiş beynəlxalq idman yarışlarının – Birinci Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının təşkilat komitələrinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi əsasən gənclərin yer aldığı idman sahəsinin inkişafında xüsusi rol rol oynamışdır.
 
Mehriban xanım Azərbaycan gənclərinin müxtəlif sosial problemlərinin həlli, qaçqın və məcburi köçkün gənclərin mənzillərlə təmin olunması, sağlamlıq imkanları məhdud olan gənclərin ölkədə və ölkədən kənarda müalicə olunması, gənclərin təhsili və s. məsələlərlə bağlı geniş fəaliyyət spektrinə malikdir. Gənclər gününün əhəmiyyəti ilk növbədə dövlətimizin gənc olması ilə bağlıdır, baxmayaraq ki, XX əsr ərzində Azərbaycan iki dəfə müstəqillik qazanmışdır və bu hadisələrin ilki, məhz əsrin əvvəllərinə təsadüf etmiş və yalnız 23 aylıq qısa bir müddət davam etmişdir, lakin əsrin sonlarında yenidən öz suverenliyinə qovuşan Azərbaycan Respublikasında əhalinin üçdə bir hissəsini təşkil edən gənclərlə bağlı dövlətin xüsusi qayğı və diqqəti ilə müşayiət olunan siyasət həyata keçirilməyə başlanmışdır. Təsadüfi deyildir ki, dövlət gənclər siyasətinin fəal surətdə reallaşdırılması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məlum olduğu kimi müstəqilliyin ilk illərində ölkədə cərəyan edən siyasi proseslər və hadisələr bir çox sahələrdə ciddi problemlərin yaranmasına səbəb olmuşdu. Ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu problemlərin həlli ilə bağlı ciddi addımlar atılmağa başlanıldı. Dövlət gənclər siyasətinin normativ-hüquqi bazasının yaradılması və gənclərin protensialından dövlət quruculuğu prosesində istifadə edilməsi ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi Azərbaycanın yaxın siyasi tarixində xüsusi yer almışdır.
 
Qeyd edək ki, hər il 2 fevral – Azərbaycan Gənclər günü münasibətilə elm, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil edən istedadlı və yaradıcı gənclərə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlar təqdim olunur. Mənim də sıralarında olduğum müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə etmiş gənclərin əməyinin qiymətləndirilməsi, istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması və onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimullaşdırmanın təşkili mükafatın təsis edilməsinin əsas məqsədidir. Həmçinin, Gənclər günündə müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər hesabat verirlər. Sonda onu qeyd etmək istərdim ki, Azərbaycanda əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hal-hazırda prezidentimiz, cənab İlham Əliyev tərəfindən davam etdirilən, həmçinin birinci vitse-prezident Mehriban xanım Əliyevanın da öz töhfələrini verdiyi dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişaf etməsinə, məqalənin əvvəlində qeyd olunduğu kimi, müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan mürəkkəb ictimai-siyasi və ağır sosial vəziyyətin təsiri ilə neqativ meyillərin qurbanına çevrilmiş gənclərdən fərqli olaraq, müasir düşüncə tərzinə malik, dünyada baş verən yeniliklərdən xəbərdar olan, yüksək mənəviyyatlı və təhsilli, ölkəmizin tarixinə, mədəniyyətinə dərindən yiyələnmiş, ərazi bütövlüyümüzün müdafiəsini hər şeydən üstün tutan, dövlətçiliyimizin inkişafına öz intellekti və bacarığı ilə yardım edən gənclərin formalaşmasına təkan verir.
 
Söylənilən məsələlərin həyata keçirilməsi üçün isə, mən də daxil olmaqla, ənənələrin davamçısı və hər bir sahədə varisliyin təminatçısı kimi Azərbaycan gəncliyinin çiyinlərinə böyük vəzifələr düşür. Bizim də borcumuz dövlətimizin davamlı inkişafında və qarşıda duran müqəddəs vəzifələrin yerinə yetirilməsində dövlət başçımız cənab İlham Əliyevin əsgərləri kimi bu işdə onun yüksək etimadını doğrultmaqdır. 

OXŞAR XƏBƏRLƏR