"Bəzi gənclər onları incidən doğmalarından qisas almaq məqsədilə tam dərindən düşünülməmiş addımlar atırlar, intihar edirlər. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bəzi gənclərin stresslə mübarizə aparmaq qabiliyyəti zəifdir. Onlar əzab-əziyyətlə mübarizədənsə, çıxış yolunu ölümdə tapır.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında psixoloq Gülər Məmmədova deyib.
O son zamanlar artan intihar hallarından danışıb:
"Bəzi yeniyetmə və gənclərdə özünü öldürməyə səbəb olaraq psixoloji sarsıntılarla yanaşı hətta genetik faktorlar da mühüm rol oynayır. İntihar edənlərin bəzilərində isə şəxsiyyətin psixososial dezataptasiyası mövcuddur. Azərbaycanda yayılmış intihar halları gənclər arasında əsasən 15-24 yaş arası təsadüf edilir".
Psixoloq onu da qeyd edib ki, zəif iradəli, problemlər qarşısında aciz gənclər nə qədər çox olarsa cəmiyyətdə bir o qədər də intihar halları artacaq. Valideynlər kiçik yaşlarından etibarən uşaqlarını düzgün yöndə istiqamətləndirməli və onların şəxsiyyət kimi güclü formalaşmasında yardımcı olmalıdırlar.
Nərmin Məmmədli