Gənclər niyə xarici ölkələrə köçmək istəyir? - Əsl səbəb budur

Gənclər niyə xarici ölkələrə köçmək istəyir? - Əsl səbəb budur
SOSİAL
13:31 03.10.2025
249
Son illər gənclərin xaricə köçməsi halları artmaqdadır. Bu tendensiya demoqrafik vəziyyətə, əmək bazarına və cəmiyyətin ümumi sosial strukturuna da təsirsiz ötüşmür. Qeyd edək ki, bu tendensiya bir çox ölkədə yaşanır və gənclər başqa ölkədə yaşamaq istəyir. 

Bəs görəsən, bu qədər "beyin axını”nın əsas səbəbi nədir?

Sosioloq Lalə Mehralı AZXEBER.COM-a bildirib ki, əksər gənclərin xaricə köçmək səbəbi əsasən oxumaq və işləməkdir:

"Eyni zamanda, gələcəkdə karyeralarını daha uğurlu inkişaf etdirmək məqsədi daşıyır. Lakin bu proses heç də asan deyil. Bu gün bir çox ölkədə qeydiyyat, yaşama və işləmə icazəsi almaq kifayət qədər çətinləşib. Nisbətən oxumaq üçün icazə almaq daha rahat olduğuna görə gənclər bunu bir fürsət kimi dəyərləndirirlər. Təhsil vasitəsi ilə ölkədən getmək, müəyyən ölkəyə yerləşmək və gələcəkdə həmin ölkənin imkanlarından istifadə edərək orada yaşamağa çalışmaq artıq geniş yayılıb. Əksəriyyət xaricdə təhsili gələcəkdə orada yaşamağın ilk pilləsi kimi görür”.

Sosioloq deyib ki, digər tərəfdən isə ölkəmizdə gənclər üçün kifayət qədər münbit şəraitin olmamasıdır:

"İki-üç universitet bitirən gənclərin belə işsizliklə üzləşməsi, əməkhaqlarının azlığı və karyerada yüksəliş imkanlarının məhdudluğu səbəbindən çoxları ölkə xaricində öz gələcəyini qurmağa üstünlük verir. Təəssüf ki, bu səbəbdən beyin axını sürətlə davam edir və görünən odur ki, bu proses daha da sürətlənəcək”.

Ekspert qeyd edib ki, əsas problemlərdən biri gənclərin uyğun iş tapa bilməməsidir:

"Onların əksəriyyəti uzun illərini təhsilə, elmə və inkişafa həsr etsələr də, qarşılarında 600-700 manatlıq maaş perspektivi durur ki, bu da onları qane etmir. Buna görə də gənclərin böyük bir hissəsi daha yaxşı həyat və gələcək üçün xaricə getməyi hədəfləyir. Geriyə qalan gənclər isə yollar axtarmağa davam edir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR