AZXEBER.COM Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirovun müsahibəsini təqdim edir:
- Müsahibəmizə özünüz və rəhbərlik etdiyiniz təşkilat haqqında məlumat vermənizlə başlamaq maraqlı olardı. Necə olduki dost ölkə Ukraynada yaşamaq və təhsil almaq qərarına gəldiniz?
- Ömür yolumu vərəqləmək uzun olmasın deyə qısaca deyim ki, 1981-ci ildə anadan olmuşam 1999 cu ildə orta məktəbi bitirib 2000- ci ildə Bakı Slavyan Universitetin Regionşünaslıq fakultəsinə qəbul olmuşam. 1-ci kursu bitirdikdən sonra 2001-ci ildə dövlət xətti ilə Ukraynanın Regionlararası Heyətin İdarə olunması Akademiyasına göndərilən 10 tələbədən biri olmuşam .
Akademiyanın nəzdində fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyevin adını daşıyan Sosial Elmlər və Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq siyasi munasibətlər fakultəsinin bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuşam. 2006-2010-cu illərdə Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq Elmi Araşdırmaları İnstitutunun Aspirantura bölməsində təhsilimi davam etdirmişəm.
2010-cu ildə “Dövlət hakimiyyət orqanlarının fəaliyyətində informasiya təminatı” mövzusunda elmi dissertasiyamı mudafiə edib siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşəm.
Ukraynada təhsil aldığım illərdə azərbaycanlı tələbələrlə ictimai işlərdə fəallıq göstərməklə həmişə Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün çoxsaylı tədbirlər həyata keçirmişik. Məhz Ukraynada azərbaycanlı tələbələrin sayının ilbəil artması Ukraynada azərbaycanlı gənclər birliyinin yaradılması ideyasını həyatı zərurət kimi ortalığa qoydu.
Nəhayət 2010-cu il aprel ayının 24-də Dnepropetrovsk şəhərində Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin 1-ci forumunun keçirilməsi Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təsis olunması ideyasını reallığa çevirdi. UAGB-nin təsis konfransında yekdilliklə sədrlik missiyası 4 il müddətinə mənə həvalə olundu. Ailəliyəm 3 övladım var.
- Umumiyyətlə Ukraynada nə qədər Azərbaycanlı tələbə təhsil alır və onların UAGB sıralarına cəlb olunma mexanizmi necə tənzimlənir. Birliyin təşkil etdiyi tədbirlərdə gənclərimiz nə dərəcədə fəallıq nümayiş etdirirlər?
- Hazırda Ukraynanın müxtəlif şəhərlərinin ali təhsil ocaqlarında 5 mindən çox azərbaycanlı tələbə təhsil alır. Əlbətdə ki, tələbələrin sayının ilbəil artması bir yandan sıralarımızı genişləndirirsə digər tərəfdəndə bizim məsuliyyətimizi birə-on artırır. Buna görə onlarla mütamadi əlaqələrin qurulması üçün hər bir insititutda UAGB-nin nümayəndəliyi yaradılıb.
Fəal və nüfuzlu gənclərimiz həmin nümayəndəliklərə rəhbər təyin olunub. İstənilən zaman onların vasitəsi ilə tələbələri ictimai işlərə cəlb etmək , onların problem və qayğıları ilə bağlı məlumat əldə etmək mümkün olur. Bundan əlavə UAGB-nin Ukraynanın 20 vilayətində regional təşkilatları fəaliyyət göstərir ki, həmin təşkilatlar bu missiyanı yerlərdə layiqincə yerinə yetirir.
Demək olarki , bu gün Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir-biriləri ilə əlaqə qurmaları, onların vahid mərkəzdən idarə olunmaları və mütəmadi olaraq kordinasiyalı fəaliyyətləri üçün günün zəruri üsulları sayılan bütün müasir texnologiyalardan istifadə olunur.
Bu məsələlərdə UAGB-nin rəsmi saytı və jurnalı gənclər arasında əsas ünsiyyət vasitəsinə çevrilib. Sosial şəbəkələrdə də aktiv fəaliyyət göstərən SAMU qrupu birliyimizin mehriban ailə prinsiplərinin qorunmasında müstəsna rol oynayır.
Bu gün Kiyev şəhərinin mərkəzində fəaliyyət göstərən Azərbaycan Gənclər Mərkəzi demək olarki bütün gün gənclərin intellekt imkanlarının ortaya qoyulması üçün əsl yarış və rəqabət mərkəzinə çevrilib. Bu mənada Azərbaycanlı Gənclərin və tələbələrin istənilən tədbirə cəlb olunması son dərəcə asanlaşıb.
- Mətbuatdan da göründüyü kimi UAGB mütamadi olaraq son dərəcə kreativ ideyalarla zəngin olan tədbirlərin keçirilməsinə imza atır. Bu tədbirlərin keçirilməsində sizə haradansa koməklik olunurmu? Hansısa çətinliklə üzləşəndə haraya müraciət edirsiniz?
- Təvazökarlıqdan uzaq bir məsələni deyim ki, çox vaxt tədbirlərimizi mətbuata ötürməyə tıxac yaranır. Hətta Birliyin mətbuat xidmətinin rəhbəri gülə gülə deyir ki tədbirlərimizin sayı çox olduğuna görə tıxac yaranıb.
Mən bu gün tam əminliklə deyə bilərəm ki, Ukraynada istənilən tədbirin təşkil olunmasında UAGB-nin qarşısında heç bir problem yoxdur. Çünki,UAGB-nin nəzdində mədəniyyət, elm və təhsil, tibb, ictimaiyyətlə əlaqələndirmə, beynəlxalq əlaqələr , idman və analitik informasiya departamentləri fəaliyyət göstərir Hər bir departament iclaslarımızda həftəlik və aylıq planlarını təqdim edir.
Müzakirə olunduqdan sonra tədbirlərin keçirilməsinə start verilir. Hər bir departamentin keçirtdiyi tədbirlərin ayrıca qovluqları var. Hər 3 aydan bir keçirilən tədbirlər müzakirə olunur və ən yaxşı layihəni təklif edən və həyata keçirin departament həvəsləndirici mükafatlarla dəyərləndirilir. Bu baxımdan sağlam rəqabət prinsipləri SAMU ailəsinin əsas mənəvi stimuluna çevrilib .
O ki, qaldı tədbirlərin keçirilməsində bizə göstərilən maddi və mənəvi dəstəyə Fəaliyyətimizin daha səmərəli qurulması üçün hər zaman Ukraynada fəaliyyət göstərən ayrı ayrı fərdi şəxslər yardım əlini uzatmağa çalışır lakin, bu hər zaman yetəri qədər olmur.
Ukrayna istər ərazi, istərsə də əhali baxımından Avropanın ən böyük dövlətlərindən biridir və burada təbliğat işinin düzgün qurulmasında böyük maddi və mənəvi dəstəyə ehtiyac vardır. Gənclərin fəaliyyətinin düzgün istiqamətləndirilməsində xususi olaraq Azərbaycan Respublikasının Ukraynadakı səfiri Eynulla Mədətli başda olmaqla bütün səfirliyin əməkdaşları işimizin uğurlu alınmasında mənəvi dəstəklərini əsirgəmirlər.
Eyni zamanda digər bir məsələni vurğulamaq istəyirəm ki, UAGB-nin fəaliyyətində Azərbaycan Respublikasının Dövlət Neft şirkətinində xüsusi rolu vardır. Belə ki, Azərbaycan Dövət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin birbaşa göstəriş və tapşıriğına əsasən Ukrayna Azərbaycanli Gənclər Birliyi müasir maddi texniki bazaya malik olan gənclər mərkəzi il təmin olunub.
Bu mərkəz Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin birlik mərkəzinə çevrilib. Bu isə təbii ki, Azərbaycan Dövlət neft şirkətinin bizə göstərdiyi bu diqqət Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Xaricdə təhsil alan Azərbaycanlı Gənclərin inkişafina göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
- Bəs UAGB-nin bu qədər uğurlu layihələrə imza atmasının arxasında hansı güc dayanır ?
- Maraqlı sualdır. Tam səmimiyyətimlə deyə bilərəmki SAMU ailəsinin arxasında duran ən böyük güc ən sadə formuladır. Bu mehriban komandamızın güclü iradəsi, dostluq münasibətlərinin tam sadəlik və səmimiyyət üzərində qurulmasıdır. Tarixi Vətənimizə olan sonsuz məhəbbətimizin üst-üstə düşməsi isə uğurlarımızın qızıl açarıdır. Kimdə bu açar varsa çox rahatlıqla gəlib, ozünü öz doğma evində tapa bilir.
- Qeyd etdiniz ki, Ukraynada 5 mindən çox azərbaycanlı tələbə təhsil alir. Bu həmdə 5 min azərbaycan vətəndaş deməkdir. Olurmu ki bu tələbələrin elə bir problemi və səhv hərəkətləri olsun onun həlli yolunda çətinlik çəkəsiniz ?
- Əlbətdə hərdən tələbələrimizin elə problemləri olur ki, onun qarşısında çətinlik çəkirik. Çox təəssüflər olsun ki, bu gün Ukraynanın ali təhsil ocaqlarına üz tutan gənclərin əksəriyyəti dil bilmək problemi var ki, bu da həm onların özü üçün həm də bizim üçün ciddi problemlər yaradır.
Bəzi tələbələr arasında dərsə davamiyyətdə, nizam- intizamında hərdən qüsurlara yol verilir. Biz bu tip məsələləri çox qaldırırıq və düşünürəm ki, azərbaycanda dövlət xətdində kənar olaraq xaricə təhsil almağa gedən tələbələrlə bağlı xüsusi nəzarət mexanizmləri hazırlanmalıdır.
Yəni, dövlətimizin müəyyən etdiyi proqramlardan kənar olaraq şəxsi hesaba xaricə gedən hər bir gənc belə xüsusi komissiyadan keçdikdən sonra xaricə buraxılmalıdır. Bunun vaxtında qarşısı alınmasa bu məsələ gələcəkdə bir sıra mənfi fəsadlar verə bilər.
Qeyd edim ki, Ukraynada bu gün təhsil alan tələbələr sırasında adi etik qaydalarını bilməyənləridə var. Nəzərə alsaq ki, hər bir gənc xaricdə öz ölkəsinin bir təmsilçisindir, bu zaman doğrudanda bu cür mexanizmin olması labüd hala çevrilir. Çünki bu gənclər Azərbaycanımızı təmsil edir və onların hər bir hərəkəti Azərbaycan haqqında bu və ya digər imicin formalaşmasına xidmət edir.
- UAGB olaraq dünyanın hansısa ölkələrində fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatları ilə münasibətləriniz varmı ? Əməkdaşlıq edə bilirsinizmi?
- Mən böyük qürur hissi ilə deyə bilərəmki, bu gün dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında azərbyacan dövlətinin dəstəyi ilə minlərlə azərbycanlı gənc təhsil alır. Bu gənclər təhsillərini uğurla davam etdirməklə yanaşı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirirlər.
Bildiyiniz kimi xaricdə təhsil alan azərbaycanlı tələbələrin birgə fəaliyyət proqramının qurulması üçün ASAİF təşkilatı fəaliyyət göstərir . UAGB yarandığı gündən ASAİF-lə səmərəli əməkdaşlıq edir. Bu təşkilatın avropanın müxtəlif ölkələrində keçirilən forumlarında iştirak etməklə UAGB indiyədək dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbacanlı gənclər birlikləri ilə əlaqələr qurub.
ASAİF-in sonuncu Roma forumu isə dünya azərbaycanlı tələbə gənclərin birləşməsində və gələcək fəaliyyət proqramının hazırlanmasında tarixi əhəmiyyət kəsb etdi. O forumdakı çıxışlar, təklif və rəylər dünyanın müxtəlif ölkələrində, o cümlədən, Ukraynada təhsil alan azərbaycanlı gənclərin gələcək fəaliyyətlərində ideoloji dövlətçilik strategiyasına əsaslanmanın növbəti bünövrəsinə çevrildi.
Biz bu gün əminliklə deyə bilərik ki , əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Dövlətçilik strategiyasında Gənclərin inkişafına xüsusi diqqətin ayrılması artıq öz bəhrələrini verməkdədir.
- Ukraynada əsasən daha çox hansı səpkidə tədbirlər keçirtməyə üstünlük verirsiniz?
- Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) fəalliyyət göstərdiyi 3 ildə 100-dən çox layihə həyata keçirmişdir. Layihələr sosial, mədəni yönümlü olmaqla daha çox Azərbaycan haqqında həqiqətlərin Ukrayna ictimaiyyətinə düzgün və dolğun çatdırılması istiqamətində həyata keçirilir.
Həyata keçirilən tədbirlər içində ilk olaraq artq 3 ildir “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Xocalı Ayı” devizi altında reallaşdırılan Xocalı soyqrımına həsr olunmuş tədbirləri qeyd etmək olar.
UAGB 2011-2013 ildə fevral ayını “Xocalı Ayı” elan edir və silsilə tədbirlər həyata keçirir. 2011-ci ildə fevral ayı boyunca 16, 2012-ci ildə 18, 2013 cü ildə isə 20 dən cox tədbir həyata keçirmişdir, bunlarda həm yürüş, həm də oturaq xarakterli olmuşdurlar. “Xocalı Ayı” ərzində keçirilən tədbirlər içərisində Xocalı sərgisinin təşkili, “ Fəryad” filminin Ukraynalı gənclər üçün təqdimatını xüsusi qeyd etmək istərdim.
- SAMU-nun forumu gözlənilir. Harada keçirilcək, nə qədər iştirakçı olacaq, hansı məsələlər müzakirə ediləcək?
- Artlq qeyd etdiyim kimi, Ukrayna Azərbaycanlı Gənclər birliyi 2010-cu ildə keçirilən ilk Ukraynadakı Azərbaycanlı gənclərin forumunun məntiqi nəticəsi olaraq yaradılıb.
Bu formdan sonra qərara alındıkı hər il ənənəvi olaraq UAGB-nin forumları təşkil olunsun. Təşkil olunan forumların əsas məqsədi ilk öncə Ukraynanın müxəlif regionlarında təhsil alan yaşayan ictimai aktiv gənclərin bir araya toplanması, onlar arasında şəbəkələşmənin sürətləndirilməsi, fikir mübadiləsi və bu mübadilələrində məntiqi nəticəsi olaraq yeni layihələrin ərsəyə gəlməsidir.
UAGB-nin 1-ci forumu 2010-cu ildə Dneprppetrvsk şəhərində, 2-ci forumu isə 2011-ci ildə Kiyev şəhərində təşkil olunmuş. Növbəti forum 2013-cü ilin yaz aylarına planlaşdırılır və artıq möhtəşəm bir forumun ərsəyə gəlməsi üçün işlərə start verilib. Forumda hər zaman ki kimi Ukraynanın bütün regionlarından və eləcədə Bakıdan və şərqi avropa ölkələrində təhsil alan tələbələrin iştirakı gözlənilir.
Biz UAGB olaraq bir sıra yerli və beynəlxalq təşkilatlarla və eləcədə Azərbaycandan olan kimi nüfuzlu gənclər təşkilatları ilə sıx əmədaşlıq edir birgə lahiyələr həyata keçiririk. Onlarında hər birindən nümayəndələri öz forumumuzda görmək bizə böyük məmnunluq və qurur hissi yaşadacaq.