Gənclərin ürəktutmadan ölümləri artır: Necə qorunaq?

Gənclərin ürəktutmadan ölümləri artır: Necə qorunaq?
SOSİAL
12:35 20.05.2022
532
Son vaxtlar qəfil ölüm hallarında artım müşahidə olunur. Səhiyyə Nazirliyi qəfil ölümlərin 50 faizdən çoxunun ürək-damar xəstəlikləri ilə əlaqədar baş verdiyini bildirir. Məsələnin qorxulu tərəflərindən biri isə bu cür halların artıq gənclər və orta yaşlı şəxslər arasında da çox müşahidə olunmasıdır.

Bəs qəfil ürək tutması halları hansı səbəblərdən baş verir? Problemin kökü haradan qaynaqlanır?

Məsələ ilə bağlı həkim-terapevt Sübhan Hacıyev AZXEBER.COM-a fikirlərini bildirib.

O, qeyd edib ki, qəfldən baş verən ürək tutması halları daha çox kardioloji problemlərdən baş verir:

"Qəfləti ürək dayanmaları daha çox kardioloji problemlərdən baş verir. Bununla gənc insanlarda daha çox rastlaşırıq. Ən çox qarşılaşdığımız hallar ürəkdə ritm pozulmaları olur. Briqada kimi sindromlar var ki, onlar da insanlara anadangalmə, irsi ötürülür. Təsadüfi "Check-Up" müayinələrdə bu bilinir və insanlara kardiostimulator qoşulduqdan sonra bu problem aradan qalxır. Amma bilinmədiyi hallarda gənc yaşlarda birdən-birə ritm pozulmaları ölümlə nəticələni bilir. Eyni zamanda miokard infarktı da artıq gəncləşib. Əvvəllər 55-60 yaşlarında miokard infarktı ilə rastlaşırdıqsa, indi 30-40 yaşlarında da buna rast gəlirik. Miokard infarktının əsas səbəbi ateroskleroz (arteriya intimasında plazma mənşəli aterogenik lipoproteinlərin toplanması nəticəsində yaranan iltihabi-fibroproliferativ proses), artıq çəki və trombozdur (ürəyin və damarın daxili səthinə kütlə (laxta) halında yapışması). Bütün bunlar miokard infarktına gətirib çıxarır, bu da qəfləti ölüm verə bilir”.

Həkim qeyd edib ki, idmançıların bəzi maddələrdən istifadə etməsi də onlar arasında bu cür halların baş verməsinə səbəb olur:

"İdmançılar xüsusi zərərli olan steroid maddələrdən istifadə edir. Bunlar da zaman-zaman qəfləti ölümlərə gətirib çıxara bilir”.

Bu xəstəliklərdən necə vaxtında xəbər tutmaq olar?

Sübhan Hacıyev qeyd edib ki, insanların ildə bir dəfə Check-Up müayinədən keçməsi xəstəlikləri vaxtında aşkar etməyə kömək edə bilər:

"Bir çox xəstəliklər təsadüfi Check-Up müayinələrində aşkarlanır. Ürəyin elektro kardioqramasında ürəyin ritm pozulmaları ilə bağlı qeyd etdiyim həmin sindromları görə bilirik. Bəzən də həmin sindromları görəndə xüsusi tədbirlərlə xəstənin həyatını qurtara bilirik. Yaxud da həmin vaxt potensial sağlam insan olur və xəstəliyindən xəbəri olmur. Bu cür şəxs ildə bir dəfə Check-Up müayinədən keçmirsə, təbii ki, bu cür xəstəliklər də gecikmiş olur və fəsadlaşır. Bu da ani ürək tutması ilə nəticələndikdə gecikmiş olur və həyatını xilas etmək olmur”.

Qeyd edək ki, ürək-qan damar xəstəlikləri ən çox ölüm halları ilə nəticələnən xəstəliklərdən biridir. Belə ki, hər il dünyada 17,9 milyon nəfər bu xəstəliklər səbəbindən ölür.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR