Gənclik və dialoqun önəmi

Gənclik və dialoqun önəmi
12:35 27.02.2013
1076
Edil HƏSƏNOV İnsanlar arasındakı ünsiyyət, qarşılıqlı münasibətlər dünya var olandan mövcud olub, inkişaf edərək günümüzə qədər gəlib çıxmışdır. Hər insan bir fərd olaraq istər fiziki, istər ruhi, istərsə də digər parametrlərinə görə digərlərindən böyük ölçüdə fərqli yaradılıb. Ümumi görünüşdə nə qədər bir-birimizə bənzəsək də, diqqət edincə, araşdırınca, öyrənincə eyni olmadığımızı, fərqli özəlliklərə sahib olduğumuzu çox asanlıqla görə bilərik. Barmaq izlərinin fərqliliyi buna sadə və əyani misal ola bilər.
Afrika ölkələrindən birinə səyahət edən ağdərili adam qaradərili dostuna: “Siz bir-birinizə çox bənzəyirsiniz, bir-birinizi necə tanıya bilirsiniz?” - deyə sual verir. Qaradərili də qarşılığında: “Biz də siz ağlar üçün eyni şeyi düşünürük,” - cavabını verir.
Sima olaraq, xarici görünüş olaraq nə qədər bənzər görünsək də, hər birimiz özümüzü fərd kimi digərlərindən fərqli hesab edirik və fərqliliklərimizi paylaşmaq, yeni nələrisə öyrənmək axtarışında və marağındayıq.
Buna görə də bütün insanların bir-biri ilə qarşılıqlı münasibətlərə, bir-birinin özəlliklərini digərləri ilə paylaşmağa, bir-birinin fərqli düşüncələrindən, fərqli fikirlərindən istifadə etməyə ehtiyacları var. Yaşadığımız sürətlə qloballaşan dünyamızda buna daha çox ehtiyac hiss olunur ki, günümüzdə bu qarşılıqlı münasibətlər “Dialoq” termini ilə leksikalogiyamızın ayrılmaz hissəsinə çevrilib. Dialoq fərqli insanların, fərqli toplumların, fərqli millətlərin, fərqli düşüncəyə sahib insanların bir-birini anlama, tanıma və ortaq problemlərinə həll yollarını axtarma əzmidir.
Mövlananın “Kim olursan ol, gəl” deyiminə, dialoq fəlsəfəsi ilə baxsaq, görərik ki, bu böyük mütəfəkkir “Mənə gəlin, mən çox geniş xoşgörüyə sahib insanam” deməklə bərabər, həm də “Hər kəs bir-birindən fərqlidir, amma yenə də anlaşa bilərik” demək istəmişdir.
Qloballaşan dünyamızda sosial, iqtisadi, mədəni, mənəvi və saya biləcəyimiz sürətlə artan bir çox problemlər var ki, bu problemlərin həlli dövlətləri, millətləri, insanları böyük çətinliklərlə qarşı-qarşıya gətirib.
Bu problemlərin həllində ən çox çətinliklərlə qarşılaşanlar məhz gənclərdir. Bu problemlərin həllinə çalışarkən çox vaxt böyük səhvlər edə bilir, böyük risklərlə qarşı-qarşıya qalırlar. Təbii ki, bu da gənclərin kifayət qədər geniş təcrübəyə sahib olmamalarından irəli gəlir. Gənclik dövrü insanın ən gözəl inkişaf dövrüdür və hər bir gənc özünü bu dövrdə çox özəl hesab edir. Gənclər daim dinamik şəkildə dünyanı tanımaq, araşdırmaq və dəyişdirmək marağında və arzusundadırlar. Amma bu istək və arzular bəzən fanatizmə, irqçiliyə, şiddətə çevrilir və şəxsi eqolar ön plana çıxır, hər kəs “MƏN” deyə səsini dünyaya eşitdirməyə çalışır. Bu da çox böyük fəlakətlərə gətirib çıxarır. Belə olan halda, dialoqun önəmi bir az daha artmış olur. Çünki dialoq anlayışı gənclərin bu istəklərini, arzularını tolerantlıq, humanizm, ədalət və barış çərçivəsində dəyərləndirmək, gənclərdə olan bu potensialı müsbət istiqamətə yönəltmək funksiyasına malikdir.
Gənclik insan həyatının oxumaq, araşdırmaq, öyrənmək, özünü yetişdirmək üçün əvəzolunmaz və ən əlverişli dövrüdür ki, bu da qarşılıqlı elmi mübadilələr, bir sözlə, dialoq fəlsəfəsi ilə sıx əlaqəlidir. Demək ki, öyrənmək nə qədər önəmlidirsə, dialoqun fəlsəfəsini öyrəmək də o qədər önəmli və əhəmiyyətlidir. Belə bir sual verə bilərik özümüzə: Dialoqun mənim üçün əhəmiyyəti nədir?
Gənclik dövrünə nə qədər öyüd, nəsihət dinləməyə ehtiyac dövrü kimi baxılsa da, öz fikirlərini çatdırma, özünü sübut etmə, insanların onları dinləmə istəyi daha çox qabarıq olur. Bu baxımdan da ilk öncə dialoq fəlsəfəsi bizə gəncliyin ən böyük problemlərindən olan qarşıdakını dinləmə mədəniyyətinin, fikirlərə hörmət etmək və olduğu kimi qəbul etməyin nə qədər önəmli olduğunu öyrədir. Ancaq bundan sonra insanlar, özəlliklə də gənclər özəl hesab etdikəri hansısa biliyini, təcrübəsini digər insanlarla paylaşa və öyrənməsi vacib olan şeyləri əldə edə bilərlər. Əks halda, fikirlərimiz heç kim tərəfindən qəbul olunmayacaqdır.
Bir sözlə, dialoq “İnsanlarla nələri paylaşa bilərəm və insanlardan nələri öyrənə bilərəm?” - sualına ən praktik cavabdır.
Bəzən yaşadığımız dünyanın problemlərinə göz yumuruq, həllinə inanmırıq, “dünya belə gəlib, belə də gedəcək” düşünürük, dünyanın dəyişə biləcəyinə, yeni, daha gözəl, daha xoşbəxt bir dünyada yaşaya biləcəyimizə inanmırıq. Halbuki əsla bu belə deyil. Dünya dəyişkənliyə, yeniliyə açıq formada yaradılıb və insanlar həm daxili, həm də xarici dünyalarını dəyişdirmək, yenidən inşa etmək bacarığına və potensialına sahibdirlər. Bunu görmək, dərk etmək üçün dünyanın ilk gündən bu günə olan tarixinə qısaca nəzər salmağımız kifayət edər. Bütün hallarda bu, dialoqla, qarşılıqlı anlayışla, tolerantlıqla mümkündür. Şiddət, üsyan, provakasiya heç vaxt həll yolu olmayıb, olması da mümkün deyil. Dialoq təcrübəsi bütün insanlara, özəlliklə də gənclərə dünyanın yenidən inşa edilə biləcəyini göstərməkdə və buna dəvət etməkdədir. Duyğu və düşüncələrin yenidən inşası yalnız və yalnız qarşılıqlı anlayışla, humanizmlə, dialoqla mümkündür.
Bir gün məscidlərdən birinin inşası zamanı bir uşaq qaçaraq Memar Sinanın yanına gəlir. Bir müddət minarəyə baxan uşaq minarənin əyri olduğunu söyləyir. Memar Sinanın göstərişi ilə minarənin üst hissəsinə bir kəndir bağlanır. Həmin uşağa da: “Bax oğlum, düzələndə bizə deyərsən,” - deyilir. İşçilər kəndiri bir qədər sağa-sola çəkəndən sonra uşaq, “indi əyri düzəldi” deyir. Memar Sinan uşağa təşəkkür edir və bir də şirniyyat verib, yola salır. Baş verənləri heyrətlə izləyən işçilər Memar Sinandan bunun səbəbini soruşurlar. Memar Sinan da cavabında: “Biz bu hərəkətlə uşağın baxışındakı əyriliyi düzəltmiş və insanların gələcəkdə səsləndirəcəyi yanlış düşüncənin qarşısını almış olduq. Yoxsa minarənin əyri olmadığını, əyrilik olsa belə, o kəndirlə minarənin düzəlməyəcəyini mən də bilirəm”, - deyir.
Dəyərli gənclər!
Gəlin bir daha özümüzə sual verək: Şiddətmi, üsyanmı, provakativ fəaliyyətlərmi, yoxsa DİALOQmu?
OXŞAR XƏBƏRLƏR