Get as özünü, ölmək daha gözəldir

Get as özünü, ölmək daha gözəldir
KÖŞƏ
15:25 09.07.2014
4620

Rahil Sayadoğlu“Hər kəs xoşbəxtliyə can atır. Hətta intihar edənlər də.” Dahilərdən birinin dediyi bu fikri belə davam edərdim: “... Amma ölümün verdiyi xoşbəxtlik yox, boşbəxtlikdir. Çünki bir şey yoxluq və boşluq deməkdirsə, o, necə xoşbəxt edə bilər ki, adamı?!”

Bu gün Azərbaycan sözün hər bir mənasında Odlar Yurdu adını doğrultmaqdadır. Hamı yanır. Kimi inkişafdan, kimi pulun çoxluğundan, kimi yoxluğundan, kimi seksual aclıqdan, kimi mental dəyərlədən və s. və ilaxır. Bu alovun tüstüsü də özüylə Azərbaycan səmasına yeni bir virus yaymaqdadır. Varlısı da, kasıbı da, kiçiyi də, böyüyü də çətinə düşən kimi çarəni intiharda görür. Hansı ki, ən böyük çarəsizlikdir. Durub burda uzun-uzadı dastan yazsam, bunu oxuya-oxuya kiminsə səbri daşıb gedib özünü ata bilər. Mən zarafat eləmirəm. Bəli, bu gün Azərbaycanda o qədər mənasız və kiçik səbəblər ucbatından canına qəsd edənlər var ki, adam deməyə söz tapmır. 

Doğrudur, ölənin arxasınca danışmazlar. Özləri sağ olsaydı, üzlərinə deyərdim, amma arxalarını çevirib getdikləri üçün məcburam ki, elə arxalarınca danışım. Mən bunun dində günah olduğuna dair bir şey deməyəcəyəm. Çünki inananı var, inanmayanı var. Dini qoyaq bir kənara. Lap deyək ki, canından da bezmisən. Bəs canından çox istədiyin əzizlərin, doğmaların? Özün bir atımlıq incidirsən canını. Amma doğmalarına bir ömür boyu dağ çəkirsən axı. Bu qədər adama işgəncə verməyə sənin haqqın varmı, ay intihar etmək fikrinə düşən insan? Heç kimi təhqir etmək fikrim yoxdu, amma Allahın şüursuz saydığımız canlıları belə yaşamağı seçərkən, şüurlu insanlara nolub görəsən? Gör bəşəriyyət hardan-hara endi.Əcdadlarımız ölümsüz olmaq, əbədi yaşamaq üçün mumiyalanmaq kimi fantastik bir kəşfə qədər gedib çıxmışdı. Biz isə bu gün az qala həftədə 2-3 adama yalvarırıq ki, qurban olum, atma özünü. Və biz yalvardıqca, özünü öldürmək istəyənlərin sayı da artır. Bəlkə əksinə edək? Bəlkə intihar etmək istəyən adama “get as özünü, ölmək daha gözəldir” deyək. Bəlkə yalnız bu zaman ayılalar ki, onlar nəyi nəyə qurban vermək istəyirlər.

Təbii ki, bu qlobal problemdi. Amma Azərbaycan intihara meylli ölkələr sırasındadır. Buna görə də üzərimə düşən vətəndaşlıq borcunu yerinə yetirməkçün çağırış edirəm.

Öncə mediaya səslənirəm: gəlin son verək bu tip xəbərlərə. Eybi yox reytinqimiz bir azca aşağı düşsün. İntihara meylli oxucularımızı itirək. Qoy bizim saytı tərk etsinlər. “Cana qəsd” aclıqlarını başqa formada doydursunlar. Amma yetər ki, bu tip xəbərlər onların rastına çıxmasın. Hər bir intihar xəbəri bunu bir az da olsa ağlından keçirən adam üçün potensial ip və ya zəhər rolunur oynayır. Biz iradəsi zəif insanlara xəbər yox, şüuraltı dəstək vermiş oluruq. El diliylə desək, oğru yadına daş salırıq.

Burdan valideynlərə və ümumiyyətlə böyüklərə səslənirəm: “uşaqsan, otur, uşaq yerində”, “Kəs səsini, böyüyə cavab qaytarma”, “böyüyün sözündən çıxma” deyib susdurduğunuz övladlar gəcəyin potensial intiharçılarıdı. Uşağa şüursuz canlı kimi davranmağı yığışdırın. Avropa insanı hətta hevanlara belə təzyiq etməməyi, başa salmağı, ünsiyyət qurmağı təbliğ edərkən, azərbaycanlı ailələr şüurlu övladlarına sözün həqiqi mənasında düşmən kəsiliblər.Uşaqlara zamanında vaxt ayırın ki, sonradan vaxtınızı ağlamağa sərf etməyəsiniz.

Burdan yeniyetmələrə, gənclərə, ümumiyyətlə bu fikrə düşənlərə səslənirəm: 15 dəqiqənizi ayırıb internetdə axtarış verin, əlil insanların yaşam tərzlərinə baxın. Qolları olmayan adamlar görün necə “ikiəlli” yapışıblar həyatdan. Ayaqları olmayan adamlar görün necə “qaçırlar” ölümdən. Gözləri görməyən adamlar görün necə gözəl “görürlər” həyatın gözəlliyini. O cür insanlar həyatdan bezməyiblərsə, o cür insanlar yaşamağın yolunu tapa biliblərsə, deməli intiharı seçmək həqiqətən də gülünc və axmaqlıqdır.

Və burdan hər kəsə səslənirəm: onsuz da gec-tez öləcəyiksə, yaşamaq qala-qala, ölümə niyə tələsək ki?!

OXŞAR XƏBƏRLƏR