Hacı Mail Hacızadənin “Media forum” saytına bildirdiyinə görə, iyunun 21-də zəng vuran Şəhriyar del Gerani vəziyyətlərinin yaxşı olduğunu, rəsmi qurumların köməyi ilə azad olunacaqları günü gözlədiklərini deyib: “İranlılar oğluma deyib ki, dövlətiniz sizi istəmir, sizi bizdən tələb eləmirlər. Mən də ona məlumat verdim. Bildirdim ki, rəsmi şəkildə tələb də edirlər, sənədləşmə də gedir”.Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-də həbs olunublar.Şəhriyar del Gerani atası ilə telefon danışığında tutularkən onlardan alınan kitabların ayın 21-də geri qaytarıldığını deyib: “Bildirdi ki, 22 gün Fəridlə ayrı-ayrı yerlərdə saxlanıblar. İndi onlar bir otaqda qalırlar”.Hacı Mail Hacizadə deyib ki, Xarici İşlər Nazirliyinə verilən cavabda İran tərəfi şairləri cinayətə cəhd etməkdə suçlandırır: “Rəsmi qurumlar bu cavabdan narazılığını bildirib, hansı cinayəti törətməyə təşəbbüs göstərdiklərini öyrənmək üçün İrana nümayəndə yollanacağını bildirib. Mən də oğlumun heç bir cinayət törətmədiyi, buna cəhd də etmədiyi qənaətindəyəm. Onlar 21-22 yaşında uşaqlardır. Şairdirlər. Gedib festivalda iştirak edib və bir-iki kitab alıblar. Hansı cinayəti törətməyə cəhd edə bilərlər ki?”Gənc şairin valideyni özünün İrana getməyinə lüzum olmadığını bildirib: “İndiki durumda buna gərək yoxdur. Dövlətimiz bu işlə məşğuldur. Mən dövlətimizə və İran tərəfinin ədalətli olacağına inanıram”.