"Global Media Group”a daxil olan onlayn resurslara qarşı növbəti genişmiqyaslı kiberhücum həyata keçirilib. Bunun nəticəsində "Report.az”, "Oxu.az”, "Media.az”, "Baku TV” və "Baku.ws” saytlarının fəaliyyətində müvəqqəti problemlər yaranıb.
Artıq ikinci dəfə baş verən bu kütləvi hücumu dəf etmək üçün təxirəsalınmaz tədbirlər görülüb. Hazırda saytların işinin tam bərpa olunması istiqamətində intensiv iş aparılır. Holdinqin IT komandası təhlükəsizlik tədbirlərini gücləndirərək, sistemin sabitliyini təmin etmək üçün çalışır.
Qeyd olunan xəbər resurslarında yeni məlumatların yerləşdirilməsinə 24 fevral tarixindən etibarən başlanılacaq. Bu müddət ərzində oxucular bütün yenilikləri sosial media platformaları vasitəsilə izləyə bilərlər.
Xüsusilə vurğulamaq istərdik ki, bu adi DDoS hücumu deyil, peşəkar şəkildə təşkil olunmuş, yüksək səviyyədə planlaşdırılmış kiberhücumdur. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi məlumat verilib və məsələ ciddi nəzarətdə saxlanılır.
Redaksiya heyəti tam gücü ilə fəaliyyətini davam etdirir və tezliklə saytlar işini tam bərpa edəcək.