Gömrükdən buraxılmayan köynəyini Şahin Bağırova hədiyyə etdi: "Deyirlər ki, 82 manat artıq pul ödəməlisən"

Gömrükdən buraxılmayan köynəyini Şahin Bağırova hədiyyə etdi: "Deyirlər ki, 82 manat artıq pul ödəməlisən"
SOSİAL
11:01 21.07.2023
981
"İnsanların zamanını, əsəbini korlayaraq edilən qanunsuzluqlar bəs deyil, hələ əsassız yerə 82 manat əlavə ödəniş də tələb edirlər".

AZXEBER.COM xəbər verir ki, bu sözləri tanınmış vəkil Aqil Layıc "facebook" hesabında paylaşıb. O, Gömrük Komitəsindən şikayət edib. Vəkil bildirib ki, "Trendyol"dan "Smaart Customs" vasitəsi ilə aldığı "T-Shirt" Gömrük Komitəsinin Hava Limanında olan terminalında 38 gün saxlanılıb:

"Türkiyədən Trendyol vasitəsilə 1469 lirəlik (92 manat) T-shirt sifariş etmişdim. 03.06.2023-cü il tarixində rəsmi olaraq smart custom vasitəsilə bəyan etmişəm. Həmin tarixdən etibərən bağlamanı izləmək mümkün olmamışdır. Gah dedilər gəlməyib, gah dedilər, xarici anbardadır. Nəhayət dünən bildim ki, Gömrük Komitəsinin Hava Limanında olan terminalında qanunsuz olaraq 38 gün saxlanılır. Gəldim bura, deyirəm niyə saxlamısınız. Deyir bəyan edilməyib. Dərhal smart custom mobil əlavəsi ilə sübut etdim ki, bəyan edilib. İndi də mənə deyirlər ki, 82 manat artıq pul ödəməlisən. Deyirəm niyə? Deyirlər ki, kargoda 38 gün saxlanılıb, icarə haqqıdır. Bağlamanın çəkisi cəmi 380 qramdır.

Qanunsuz olaraq gömrük bağlamanı daşıyıcı şirkətə vermədiyi üçün 38 gün ərzində terminalda saxlanılıb, adını da qoyublar smart gömrük xidməti.
İnsanların zamanını, əsəbini korlayaraq edilən qanunsuzluqlar bəs deyil, hələ əsassız yerə 82 manat əlavə ödəniş də tələb edirlər".

Şikayətçi bildirib ki, o həmin məhsulu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova hədiyyə edir:

"Burdan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova bəyan edirəm, necə ki, Şahin müəllim, terminaldakı əməkdaşlarınıza da bəyan etdim. Həmin T-Shirt-u Sizə səmimi qəlbdən bağışlayıram, Sizin idarə qaninsuzluq etsə də, mən tam qanuni şəkildə bu qısaqol köynəyi Sizə bağışlayıram. Hər ikimiz medium geyinirik, əminəm ki, Sizə yaxşı yaraşacaq. Ən əsası bağışlamağım tam qanuni və səmimidir. Xeyirli işlərə geyinəsiniz. Əminəm ki, əyin-baş probleminiz smart custom tətbiqi vasitəsilə tam təmin edilir".

Şikayətçi Dövlət Gömrük Komitəsinin rəsmi səhifəsi tərəfindən bloka atıldığını da bildirib: 

"Dövlət Gömrük Komitəsinin rəsmi səhifəsi məni haqlı iradlarıma görə blok etdiyi üçün, onları tag edə bilmirəm… Ağıllı smart gömrük xidməti ağılsızların əlində olduqdan sonra heç nə də dəyişən deyil. Əsas insan faktorudur…"

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov AZXEBER.COM-a açıqlama verib.

Qurum rəsmisi bildirib ki, qeyd edilən fakt üzrə araşdırma aparılmış, məsələnin sosial şəbəkədə paylaşılan məlumatdan fərqli olduğu müəyyənləşdirilmişdir:

"Vətəndaş Aqil Layıc sosial şəbəkədəki şəxsi profilindən özünün adına ünvanlanan bağlamaların alınmasında gömrük orqanları tərəfindən yaradılan çətinliklərə dair narahatçılığını bildirmişdir.

Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş tərəfindən xaricdən 3 məhsul sifariş edilərək gömrük ödənişləri ödənməklə onlar bir bağlamada "Smart customs” tətbiqi vasitəsilə gömrük orqanlarına bəyan edilmişdir. Cari ilin iyun ayında sifariş olunan məhsullardan ikisi bir bağlamada ölkə ərazisinə daxil olmuş və gömrük nəzarətindən keçirilərək daşıyıcı şirkət tərəfindən götürülmüşdür”.

Natiq Axundov qeyd edib ki, invoys dəyəri 1469 TL təşkil edən və ölkəyə daha gec tarixdə gələn digər bağlama isə vətəndaş tərəfindən gömrük orqanına dəyəri 1 tl olmaqla bəyan edilmişdir: 

"Bu səbəbdən invoys dəyəri 1469 TL təşkil edən bağlamanın gömrük orqanına 1 tl dəyərində bəyan olunması sistemdə uyğunsuzluq yaratmış və müvafiq araşdırılma aparılması üçün bağlama cari il iyunun 9-da saxlanılmış,  daşıyıcı şirkətə və vətəndaşa bu barədə "Smart customs” tətbiqi üzərindən bildiriş göndərilmişdir.

41 gün sonra vətəndaş   gömrük orqanına müraciət etmiş, bağlamanın gömrük orqanına yanlış məlumat vermə, yəni səhv bəyan etmə səbəbindən saxlanıldığına dair  müvafiq izahat işləri aparılaraq buraxılışı təmin olunmuşdur.

Beləliklə, vətəndaş Aqil Layıcın sosial şəbəkədə qeyd etdiyi hal gömrük orqanı tərəfindən deyil, bəyanetmə zamanı uyğunsuzluq ucbatından baş vermişdir. Bununla əlaqədar gömrük orqanlarına aid olmayan saxlanca görə isə ödəniş yaranmışdır”.
 
Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR