Artıq Dövlət Gömrük Komitəsinin (DGK) “192” nömrəli qaynar xəttində mobil gömrük bölmələri ilə birbaşa əlaqə yaratmaq üçün xüsusi rabitə xidməti mövcuddur.
Komitənin mətbuat xidmətindən bildiriblər ki, hər bir vətəndaş “192” nömrəli qaynar xətti yığaraq “7” nömrəsini daxil etməklə və ya DGK-nın internet səhifəsi (www.dgk.gov.az) vasitəsilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin mobil gömrük şöbəsi ilə birbaşa əlaqə yarada bilər. Ölkədə ən müasir nəqliyyat vasitələri, eləcə də kompyuter və digər avadanlıqla təchiz olunmuş mobil gömrük bölmələri yaradılıb. Məqsəd Azərbaycanın gömrük ərazisində (avtomobil yollarında, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrinin, habelə gömrük nəzarəti üçün zəruri sənədlərin olduğu yerlərdə, eləcə də icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi yerlərdə və s.) törədilən qaçaqmalçılıq, gömrük işi sahəsində digər cinayətlər və hüquqpozma hallarının aşkar edilməsi və qarşısının alınması, həmçinin gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsi qaydalarına riayət olunmasını təmin etməkdir.