İnternet-axtarış sistemi olan “Google” Manhettendə (Nyu-York) ən iri ofislərdən birinə sahib olub. “Bloomberg”in məlumatına görə, internet nəhəngi yeni ofisini 1,8 milyard dollara alıb. “Google”dan başqa “Jamestown Properties” və “New York State Common Retirement Fund” kimi məşhur şirkətlər də alıcı qismində çıxış etsələr də, ofis binası “Google”a satılıb.
“Bloomberg”in yazdığına görə, bu, ABŞ tarixində ən böyük sövdələşmələrdən biri hesab edilir. Belə ki, “Google” şirkətinin yeni ofisi şəhərin elit rayonlardan biri hesab edilən Çelsidə yerləşir. Bina 1932-ci ildə inşa edilib, bu ofis əvvəllər sənaye anbarı kimi istifadə edilirmiş. 18 mərtəbəli binanın sahəsi 273 min kv.m təşkil edir.
Qeyd edək ki, hazırda "Google" dünyada ən iri internet-axtarış sistemlərindən biri hesab edilir. Şirkəti 1998-ci ildə Stenford universitetinin tələbələri yaradıb.