"Google" Afrikada süni intellektə 37 milyon dollar sərmayə qoyacaq

"Google" Afrikada süni intellektə 37 milyon dollar sərmayə qoyacaq
DÜNYA
14:26 25.07.2025
138
"Google" Afrikada süni intellekt tədqiqatları, təlimləri və innovativ layihələri dəstəkləmək üçün 37 milyon dollar investisiya elan etdi.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Google" 37 milyon dollarlıq investisiyanın bir hissəsi olaraq Qananın paytaxtı Akkrada süni intellektlə bağlı icma mərkəzi yaradacaq və yerli sahibkarları, tədqiqatçıları və dil inkişafı layihələrini maliyyələşdirəcək.

İnvestisiya çərçivəsində ərzaq təhlükəsizliyinə yönəlmiş süni intellekt üzrə əməkdaşlıq layihələri üçün 25 milyon dollar ayrılacaq. Bundan əlavə, 40-dan çox Afrika dilində açıq mənbəli süni intellekt vasitələrinin hazırlanması üçün Masakhane Araşdırma Fonduna 3 milyon dollar veriləcək.

İnnovasiyaları dəstəkləmək üçün səhiyyə, təhsil və kənd təsərrüfatı kimi sektorlarda fəaliyyət göstərən 100-dən çox süni intellekt yönümlü startap qrant dəstəyi, texniki yardım və məsləhətlə təmin olunacaq. Bu çərçivədə "katalitik maliyyə təşəbbüsü” yaradılacaq.

Qanadakı 100,000 nəfər tam təqaüdlü Google karyera sertifikatı proqramı vasitəsilə süni intellektin əsasları və kibertəhlükəsizlik də daxil olmaqla müxtəlif texnologiya sahələrində təlim alacaq.

Bundan əlavə, Nigeriya, Keniya, Cənubi Afrika və Qanada süni intellekt üzrə kurrikulumun inkişafı, bacarıqların öyrədilməsi və onlayn təhlükəsizlik proqramlarına əlavə 7 milyon dollar ayrılacaq.

Google bu layihə ilə afrikalı tədqiqatçılara və vətəndaş cəmiyyəti təşkilatlarına aclığın proqnozlaşdırılması və qida sistemlərinin dayanıqlığının artırılması kimi sahələrdə süni intellekt vasitələrindən istifadə etməkdə kömək etməyi hədəfləyir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR