«Google» korporasiyası özünün «Google Music» adlı internet mağazasını təqdim edib. İstifadəçilər musiqi mağazasında «Android Market» platforması vasitəsilə mahnılar ala biləcəklər. Musiqi internet mağazasının təqdimatı ABŞ-ın Los Anceles şəhərində keçirilib. «Google» korporasiyası «EMI Music» və «Sony Music» kimi məşhur şirkətləri də daxil olmaqla, 1000-dən çox musiqi şirkəti ilə müqavilələr imzalayıb. Bununla da, 13 milyon musiqi kompozisiyasına çıxış əldə edib. «Google» internet mağazasının istifadəçiləri musiqi kompozisiyasını almazdan əvvəl onun 90 saniyəlik parçasına qulaq asa biləcəklər. «Google»un musiqi xidmətinin sınaq versiyası bu ilin mayında buraxılıb, hər bir istifadəçiyə öz musiqi kolleksiyasından 20 minədək kompozisiyanı internetə yükləmək və öz pleylistlərini formalaşdırmaq imkanı verilib. Xidmət ilkin olaraq yalnız «Google»un «Android» platformasında mümkün olsa da, sentyabrdan etibarən iPhone və iPad istifadəçiləri üçün də əlçatandır.











































