Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin doğum günüdür

Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin doğum günüdür
15:36 22.02.2013
1348

Bu gün Azərbaycanın görkəmli yazıçısı Cəlil Məmmədquluzadənin doğum günüdür.

AZXEBER.COM-un məlumatına görə, C.Məmmədquluzadə 1869-cu ildə fevralın 22-də Naxçıvan şəhərində anadan olub.İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan məktəbində alıb.Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik edib. İlk bədii əsəri sayılan “Çay dəstgahı” alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” povestini də bu dövrdə yazıb.C.Məmmədquluzadənin yazıçı və jurnalist kimi yetişməsində Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetinin və onun redaktoru Şahtaxtlının mühüm rolu olub. 1904-cü ildə “Poçt qutusu” əsəri “Şərqi-Rus” qəzetində çap olunub, “Kişmiş oyunu”, Lev Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri də əvvəlcə bu qəzetdə dərc edilib.Bir müddət “Şərqi-Rus” qəzetinin müvəqqəti redaktoru olan C.Məmmədquluzadə bu qəzet bağlananda jurnalist Ömər Faiq Nemanzadə və tacir Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb, ona “Qeyrət” adı verib. Həmçinin Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb.1906-cı ildə aprel 7-də, Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxıb. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub.“Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla C.Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub. Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçılar, jurnalın ilk saylarının rəsmlərini çəkmiş rəssam Oskar Şmerlinq, Rotter, Əzim Əzimzadə və digər məşhur rəssamlar bu jurnalda təmsil olunublar.Burada təbliğ olunan yenilik, demokratiya, azadlıq ideyaları jurnala beynəlxalq aləmdə böyük nüfuz qazandırıb.Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi.C.Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını həm də formaca zənginləşdirib. O, xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri sosial problemləri yığcam şəkildə, məharətlə əks etdirmək baxımından ədəbiyyatımızın əvəzsiz nümunələri hesab edilir.Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin redaktoru, Umumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında işləyib.Onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” kimi hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realizmi və satirası tarixində böyük yer tutur. “Anamın kitabı”, “Danabaş kəndinin məktəbi”, “Dəli yığıncağı” və s. kimi əsərlərı isə heç vaxt öz aktuallığını itirmir.Dramaturq, ictimai xadim olan Cəlil Məmmədquluzadə min bir əziyyət və mərhumiyyətlə “Molla Nəsrəddin”i ərsəyə gətirərək, jurnalistikamızda da öz imza və üslubunu qoyub.Cəlil Məmmədquluzadə 1932-ci ildə Bakıda vəfat edib. Qəbri Fəxri xiyabandadır.

OXŞAR XƏBƏRLƏR