Güclü külək 4 nəfəri yaraladı: Ekspert təhlükəli əraziləri açıqladı

Güclü külək 4 nəfəri yaraladı: Ekspert təhlükəli əraziləri açıqladı
SOSİAL
12:43 08.09.2026
62

Küləkli hava şəraiti ilə əlaqədar baş verən hadisələr nəticəsində 4 nəfər xəsarət alıb.

Güclü külək zamanı ağacların aşması, müxtəlif konstruksiyaların və əşyaların yerindən tərpənərək insanlara xəsarət yetirməsi təhlükəsi artır. Xüsusilə açıq ərazilərdə, ağacların, reklam lövhələrinin, tikinti sahələrinin və köhnə tikililərin yaxınlığında olmaq insan həyatı üçün ciddi risk yarada bilər.

Bəs belə hava şəraitində insanların xəsarət almaması üçün hansı təhlükəsizlik qaydalarına əməl edilməlidir və vətəndaşlar hansı ərazilərdən uzaq durmalıdır?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, güclü külək zamanı vətəndaşlar yüksək riskli ərazilərdən uzaq durmalı və təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər:

"Küləyin sürəti kritik həddə çatdıqda, hərəkətdə olan hər bir detal birbaşa təhlükə mənbəyinə çevrilir. 4 vətəndaşımızın xəsarət alması onu göstərir ki, profilaktik tədbirlər gecikdirilməməlidir. Vətəndaşlar ilk növbədə yüksək risk zonalarından uzaqlaşmalıdırlar. Qocalmış ağacların altı həm piyadalar, həm də park edilən avtomobillər üçün açıq təhlükədir. 

Tikinti və təmir gedən ərazilərdən maksimum dərəcədə yan keçmək lazımdır. Bərkidilməmiş konstruksiyalar, taxta və metal lövhələr hava axınının təsiri ilə yerini dəyişərək ağır travmalara səbəb ola bilər. İri reklam lövhələri və qəzalı elektrik dirəklərinin yaxınlığında dayanmaq qəti yolverilməzdir.

Binaların hasarına bitişik hərəkət etməkdən də çəkinmək lazımdır. Çünki eyvanlardan qopan və qopma ehtimalı olan müxtəlif əşyalar və tikinti elementləri aşağıda hərəkət edən insanların üzərinə düşərək ağır xəsarətlər yetirə bilər.


Zərurət yoxdursa, güclü külək zamanı açıq ərazilərdə olma müddətini minimuma endirmək lazımdır. Küçədə hərəkət edərkən diqqəti yalnız qarşıdakı yola deyil, ətrafdakı ağaclara, konstruksiyalara və digər potensial təhlükə mənbələrinə də yönəltmək vacibdir.

Mənzillərdə və eyvanlarda dayanaqsız əşyalar varsa, onlar dərhal təhlükəsiz yerə daşınmalıdır. Pəncərələr möhkəm bağlanmalı, eyvanlarda küləyin təsiri ilə yerindən tərpənə biləcək əşyalar saxlanılmamalıdır. 

Sürücülər də güclü külək zamanı daha diqqətli olmalıdırlar. Xüsusilə magistral yollarda yüksək sürətlə hərəkət etmək avtomobilin idarə olunmasını çətinləşdirə bilər. Buna görə də sürət həddinin aşağı salınması və yol şəraitinə uyğun hərəkət edilməsi vacibdir”.

Ekspert bildirib ki, güclü külək zamanı təhlükə yalnız piyadalar üçün deyil, sürücülər üçün də ciddi risk yaradır:

"Güclü yan küləklər xüsusilə yüksək kuzalı və ağır avtomobillərin hərəkətinə təsir göstərə bilər. Belə hallarda sürücülər sükanı daha möhkəm saxlamalı, sürəti azaltmalı və qarşıdakı nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmalıdırlar. Körpülər, açıq magistrallar və küləyin daha çox hiss olunduğu ərazilərdə ehtiyatlılıq xüsusilə vacibdir.

Ən əsası isə vətəndaşlar güclü külək zamanı mümkün qədər açıq və təhlükəli ərazilərdən uzaq durmalıdırlar. Küləyin yaratdığı təhlükəni yalnız ağacların aşması ilə məhdudlaşdırmaq düzgün deyil. Reklam lövhələri, dam örtükləri, tikinti materialları, müxtəlif metal konstruksiyalar və digər əşyalar da küləyin təsiri ilə hərəkət edərək insan həyatı üçün təhlükə yarada bilər”.

 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR