Ötən gündən başlayaraq əsən güclü külək Lerik rayonunun elektrik təsərrüfatına ciddi ziyan vurub. Elektrik xətlərində yaranan açılmalar səbəbi ilə Lerik rayonunun bütün kəndlərində və rayon mərkəzində elektrik enerjisinin verilişi dayandırılmışdı.
Dekabrın 14-də güclü küləyin təsiri nəticəsində Lənkəran və Lerik rayonlarında bəzi ərazilərdə elektrik enerjisi təsərrüfatına dəymiş ziyan dərhal aradan qaldırılıb.
Bu barədə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Qurum rəsmisi bildirib ki, "Azərişıq" ASC əməkdaşları ölkənin bütün rayonlarında 24 saat xidmət göstərir və daxil olan məlumatlar əsasında həmin ünvanlara gedərək yaranmış problemi operativ aradan qaldırır:
"Hazırda ölkə ərazisində abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında problem yoxdur".