Azərbaycandakı “Araz” kurslarının və türk liseylərinin bağlanması yerli mətbuatda olduğu kimi, Türkiyə mətbuatında da geniş rezonans doğurub.
Türkiyə mətbuatı “Gülən camaatı”na aid olduğu deyilən “Araz” kursları və türk liseylərinin bağlanması xəbərini oxucularına “Fətullah Gülənə ağır zərbə”, “Azərbaycanda Gülən məktəbləri bağlandı”, “Azərbaycanda Gülən hərəkatına bağlı məktəblər bağlandı”, “Azərbaycan Gülən məktəblərini bağladı” başlıqları ilə təqdim edib.
“Anadolu Ajansı”, “Sabah”, “Sözçü”, “Hürriyyet”, “Milliyyet” qəzetləri başda olmaqla Türkiyə mətbuatı bu xəbərə geniş yer verib. Xatırladaq ki, dünən verilən qərarla Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələrinin və “Araz kursları” MMC-nin fəaliyyəti dayandırılıb. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin tərkibinə bir neçə bağça, ölkənin müxtəlif bölgələrində 11 lisey, "Araz" hazırlıq kursları və Qafqaz Universiteti daxildir. (virtualaz.org)




