Dekabrın 25-26-da Ukraynanın Brovarı şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında IV beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yeniyetmələrdən ibarət yığma komandanın turnirdə iştirak edən üzvləri ümumilikdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
50 kq çəkidə mübarizə aparan Əfqan Xaşalov və 100 kq çəkidə güləşən İqbal Hacızadə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. 46 kq-da Vasif Niyazlı yalnız finalda büdrəyib və gümüş medalla kifayətlənib. 46 kq-da digər təmsilçimiz Orxan Abbasov və 58 kq-da təmsilçimiz Ruslan Abdullayev turniri bürünc medalla başa vurub.