Gülümsəyin, dostlar!

Gülümsəyin, dostlar!
KÖŞƏ
00:29 29.08.2012
2803

Anzulə Əmirova

Gülümsəyin, dostlar!

Bir neçə gün əvvəl dostlarımızdan biri Türkiyədən qayıdıb. O, qardaş ölkədə olduğu günlərdə müşahidə etdiyi bir sıra maraqlı hadisələri bizimlə bölüşdü. Onlardan birini hörmətli oxucularımızla paylaşmaqla önəmli bir məsələyə toxunmaq istərdim.

Belə ki, o, ötən ayın sonlarında Antalyadakı otellərdən birində olduğu zaman oranın qapıçısından tutmuş rəhbərliyinə qədər, demək olar ki, bütün əməkdaşlarının oruc tutmalarının şahidi olub. Bu, bəlkə də, çoxlarımız üçün təzə xəbər deyil. Çünki etiraf edirik ki, bizdən fərqli olaraq, Türkiyədə əhali üçün Ramazan bayramının yeri bir ayrıdır. Onlar bu ayı, həqiqətən də, ilboyu səbirsizliklə gözləyir və müqəddəs ayın haqqını əllərindən gəldiyi qədər verməyə çalışırlar. Mənimçün, həmçinin dostumuz üçün fərqli görünən digər bir məsələ, həmin otelin oruclu əməkdaşlarının insanlara qarşı çox sayğılı, səmimi, xoş münasibətlə xidmət etmələridir. Xüsusilə yemək zamanı xidmət göstərdikləri vaxt nəyisə 10 dəfə belə sifariş verən qonaqlara usanmadan, heç bir narazılıq etmədən qulluq ediblər. Üstəlik, xoş təbəssümlə. Elə bu xidməti üzlərində təbəssümlə həyata keçirmələri dostumuzun daha çox diqqətini cəlb edib və olduqca məmnun qalmasına səbəb olub.

Ola bilsin, bəziləriniz üçün yuxarıda bəhs etdiyim nümunə adi görünə bilər. Amma mənimçün deyərdim ki, çox vacibdir. Çünki, mən Azərbaycanda hansısa istirahət mərkəzində, ya hansısa müəssisədə gülərüzlə işgörən adamlarla nadir hallarda qarşılaşıram və şad oluram. Çünki mən, Ramazan günlərində ölkəmizdəki istirahət mərkəzində oruc tutmayan, yəni tox olan, lakin xidmət etməyə həvəsli olmayan insanlar gördüm...

Bəli, təbəssüm önəmlidir. Təəssüflər olsun ki, qeyd etdiyim kimi, ölkəmizdə nadir hallarda müəssisələrdə insanlara gülərüzlü xidmət göstərənlərlə qarşılaşırıq. Əvvəla, şəxsi müşahidələrimə əsasən bilirəm ki, Azərbaycanda, xüsusilə paytaxtımızda çox az sayda adam Ramazan ayını dəyərləndirir, yəni oruc tutur. Və üstəlik, həmin az sayda oruc tutanların da əksəriyyətinin üzünü adam orucluqda görmək belə istəmir. Ona görə ki həmin adamlar hədsiz qaşqabaqlı, acıdil olur, ünsiyyətdən qaçırlar. Sanki qarşılarındakı insanın onlara borcları varmış kimi minnət edirlər. Düzdür, adam ac olanda tox olduğu günə nisbətən fərqli ola bilər, amma bu qədər də yox.

Əslində məni daha çox qıcıqlandıran digər günlərdə də, necə deyərlər, tox olanda da, əksəriyyətin gülərüz və şirindil olmamasıdır. Son vaxtlar böyüklü-kiçikli bir çox adamların üzündə sanki narazılıq, qaşqabaq, özündənrazılıq, xoş olmayan sima var. Kimsə, Allah eləməsin, küçə ilə gedəndə kiminsə ayağını tapdalaya. Az qalırlar qiyaməti qoparsınlar. Adicə balaca bir uşağa da xoşuna gəlməyən bir söz deyən kimi adamı acılayır. Bilmirəm, yediyimiz ərzaqlardandır, ya nədəndir, bir çoxlarımız yaman acıdil, dəymədüşər olmuşuq.

Açığı, qaşqabaqlı, həmişə hər şeydən narazı adamları anlaya bilmirəm. Vallah, mən xarici vətəndaşların əksəriyyətinin üzündə gülüş görürəm və sevinirəm. Arzu edirəm ki, biz də gülərüz olaq... Bu ki pulla deyil, öz əlimizdədir. Axı biz niyə gülə bilmirik və ya gülməkdən, gülümsəməkdən çəkinirik... Bu, Allahın bizə bəxş etdiyi ən gözəl nemətlərdəndir, amma nədənsə istifadə etmirik...

Onu da qəbul edirəm ki, elə adamlar var, şirindil ola bilmirlər. Yəni ürəklərindən kiməsə xoş söz demək keçsə də, həmin an sanki nitqləri quruyur və o xoş sözü dilə gətirə bilmirlər. Bir sözlə, şirindil olmaq onların təbiətinə uyğun deyil, bu baxımdan çətinlik yaşayırlar. Mənim belə adamlarla işim yoxdur. Məni narahat edən bir çoxlarımızın təbəssüm məsələsindəki xəsisliyimizdir. Gülərüz olmaq ki, çətin deyil. Ətrafdakılara bir azca təbəssüm bəxş etmək nə qədər sadə və gözəldir!

Bir anlıq düşünün ki, siz kiminsə üzünə xoş nəzərlə baxan, gülümsəyən zaman heç nə itirmirsiniz. Üstəlik, BİR GÜLÜŞÜNÜZLƏ NEÇƏ QƏLBƏ SEVİNC BƏXŞ ETMİŞ, DOST VƏ SAVAB QAZANMIŞ OLURSUNUZ. Bu bir faktdır ki, gülüş bəxş etməkdə xəsislik edənlərin istər ailədə, istərsə də cəmiyyətdə problemləri daha çox olur. Çünki onların qaşqabaqlı, ciddi simaları qarşılarındakılarla ünsiyyət qurmağa, işlərinin daha uğurlu olmasına, münasibətlərinin daha da genişlənməsinə mane olmaqla mənfi təsir göstərir. Ona görə də, kiminləsə aranızda anlaşılmazlıq olan zaman belə təmkinli olun, əvvəlcə gülümsəyin, dostlar.Inanın, həmin an mütləq problem müsbət istiqamətdə həllini tapacaq.

Əgər ətrafınızdakıların problemlərini bir anlıq da olsa, unutdurmaq istəyirsinizsə, gülümsəyin... Əgər qəlbinizdə olan sevgi və sayğını büruzə vermək istəyirsinizsə, gülümsəyin... Əgər qarşınızdakının sizə gülərüzlə baxmasını istəyirsinizsə, yenə də gülümsəyin... Necə ki güzgüyə baxdığınız zaman üzünüzdəki ifadənin eynini görürsünüz, ətrafınızdakılara da xoş üzlə baxsanız, qarşılığını görəcəksiniz. Əgər özünüzü rahat hiss etmək və işlərinizdə uğur qazanmaq istəyirsinizsə, münasibətlərə ürəkdən gələn təbəssümlə başlayın.

Araşdırmalar sübut edib ki, gülüşün insana dərman qədər faydası var, gülüş insanın ürəyini qüvvətləndirən ən gözəl vasitədir. İnsan ürəkdən güldüyü zaman beyinə qan gedir, beləliklə, beyin sürətlə işləyir və problemlərinizi daha asan həll etməyinizə yardımçı olur. Demək ki, canınızın sağlam, gününüzün xoş və işlərinizin uğurlu olmasının yolu gülüşdən keçir. Qəhqəhə çəkə bilməsəniz belə, gülümsəməyə çalışın, dostlar!

OXŞAR XƏBƏRLƏR