Əziz və dəyərli oxucularım! Bu günkü mövzum günü –gündən bir çox sahələrdə inkişaf edərək irəliləyən,dünya arenasında öz nüfuzu və tükənməz sərvəti ilə göz oxşayan ölkəmizdə, ən aktual məsələ olan işsizlik və onu törədən səbəblərdir. Doğrusu, bu mövzuya başlamazdan öncə, bir neçə saniyəlik də olsa, gözlərim önündən 9 milyonluq əhali, onlarin taleyləri, müxtəlif təbəqəli insanların yaşam tərzi, pulsuzluqdan acı dərmana belə möhtac qalıb, ölümlə yaşam arasında çarpışan acınacaqlı xəstələr,yoxsulluqdan övladlarını körpələr evinə atmağa məcbur olan valideynlərin qəlb sızıltısı, gözləri hər zaman ana, ata həsrətiylə intizar çəkən körpələr, evsizlik, işsizlik ucbatından dağılan ailələr, qəlbləri məhəbbətlə döyünüb, maddiyatsızlıqdan qovuşa bilməyən aşiqlər, hətta günü gündən artmaqda davam edən, ekranlarımızdan belə maraqla izlədiyimiz,oğurluq,cinayət işi, bir sözlə imkansızlıqdan baş verən kriminal yönümlü hadisələr gözlərim önündən sürətlə ötüb keçdi.Bu an qəlbimdən qopan bir ağrının, bütün vücudumu sardığını hiss etdim.Evdə bir kimsə olmadığından, əlimi atıb dərman götürməyə belə taqətim olmadı.Bir neçə dəqiqə yerimdə sakit oturub, ağrılara qalib gəlməyi bacardım.Məni ağrıdan, qəlbimi göynədən, təkcə bu hadisələr deyil, məni xəyal qırıqlığına uğradan, hadisələrin əsasını təşgil edən maddiyatsızlıq və ən əsası, 11 il məktəb oxuyub, 4 il ali təhsil alan tələbələrin (hələ magistiratura,aspiranturanı nəzərdə tutmuram), hal-hazırda işsiz qalıb, iş tapmamasıdır. Ömrünün ən azı 15 ilini oxumaqla keçirən insanların, bu gün iş tapmaması çox acınacaqlı bir durumdur. Məsələ, tək bununla bitmir, bu gün iş tapmayan insan sabahını da itirməli olur, cünki, buna yeni qanunlarımız zəmin yaradır. Bilirəm deyəcəksiz necə? -Necəsini indi mən sizə deyim: Yəqin ki, ölkəmizdə pensiya ilə bağlı yeni qanundan məlumatınız var. Hər bir insan, işlədiyi halda onun əmək haqqısından müəyyən məbləğdə pul vəsaiti çıxılır, həmin pul vəsaiti hesabına gələcəkdə vətəndaş üçün təqaüd hesablanır. Belə olan təqdirdə, işsiz insanlar həm bu günlərini, həm də sabah qocalıb əldən düşəcəkləri zamanı sığortalamaq iqtidarında olmurlar.Özümüzdə yetişkən kadr olduğu halda, nə ehtiyac varki, digər ölkələrdən hər bir işçiyə, özümüzünkülərdən 5-10 dəfə artıq maaş verməklə, iş təklif olunsun? Bəlkə, bizdə digər ölkələrə nisbətən, təhsil güclü deyil? Əgər belədirsə, niyə təhsil sistemində dəyişikliklər olunmur? Yox, əgər belə deyilsə,bəs onda niyə öz savadlı kadrlarımız, fəhlə işlədiyi halda, digər ölkələrdən dəvət olunan, əcnəbi kadrların, hətta, doğma dilimizə laqeyd yanaşması belə bizi narahat etmir? Axı ölkəmizdə ən kiçik vəzifə sayılan, xadiməyə dil bilməsinin vacib olduğunu söylədiyimiz halda, əcnəbilərin doğma dilimizə laqeydliyinə göz yummağımızın səbəbi nədir?Yoxsa, dilimizə hörmətimiz azalıb? Gəlin, özümüzdən götürək, hər hansı ölkəyə getdiyimiz zaman biz mütləq o ölkənin dilini öyrənirik. Niyə? – Çünki, bilirik ki, o ölkədə bizim dilimizdə danışan olmayacaq! Bəs, biz nə üçün öz ölkəmizdə əcnəbiylə yad dildə danışırıq? Hətta neçə illər Azərbaycanda yaşayan əcnəbilər, doğma dilimiz olan azərbaycan dilində saatı soruşmağı belə öyrənmirlər. Çünki, bilirlər ki, “what time is it” soruşduqda biz artıq onlara saatı söyləyirik. Belə olduğu halda, əcnəbi əziyyət çəkib, azərbaycan dilini öyrənməyə ehtiyac görmür və beləliklə bizim dilimizə laqeydliyimiz bir fakt olaraq, öz təsdiqini tapır. Lakin bəzi məqamlarda əcnəbiləri də qınamıram, elə öz ölkəmizdə yaşayıb, vətənin suyunu içib, çörəyini yeyən özümüzünkülər hələ də ruslaşmaqda davam edirsə, rus dilini doğma dilindən üstün tutub, evdə, işdə, yolda, bir sözlə hər yerdə insanlarla rusca danışıb, rus dilini təbliğ edirsə, həmin ailədə böyüyən övladın, Azərbaycan torpağına yararlı övlad olacağına şübhə edirəm. Bəlkə də, bəziləriniz düşünürsünüz ki, mən dil bilməyin əleyhinəyəm.Əsla, bu belə deyil. Mənim əqidəmcə, hətta düşmənin dilini bilmək belə bizim üçün qələbədir. Lakin o, dili ölkəmizdə təbliğ etməyin, öz doğma dilimizi arxa plana keçirməyin qəti tərəfdarı deyiləm.Axı, bizim konstutsiyamizin 21-ci maddəsində də qeyd olunub ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Dilimizin inkişafını təmin etmək hər birimizin borcudu. Bəs biz dilimizi hansı səviyyədə inkişaf etdiririk? Ruslaşmaqla, farslaşmaqla, yoxsa son zamanlar dəbdə olan ingilisləşməklə? Bütün bu suallara kimdi günahkar, özümüz yoxsa özgələr? Hələ bu azmış kimi, bu gün dövlət strukturlarında iş çatışmamazlığından bəhrələnərək istifadə edən, bir sıra özəl sektor rəhbərləri, insanların işə olan tələbatından yararlanaraq, müəyyən şərtlər əsasında gözəl, cazibəli xanımlarımızı işlə təmin etmək adı altında əxlaqsız təkliflər irəli sürürlər.Bunun dəfələrlə şahidi olmuşam.Hətta bir jurnalist olaraq, bu məsələnin dərinliyinə belə varmışam.Özümü işsiz kimi göstərərək, həmin özəl şirkətlərə iş üçün müraciət etmişəm.Nəticə etibarilə məni işə götürdüklərini, onlar üçün lazımlı kadr olduğumu söyləyiblər.Lakin müəyyən şərtlər əsasında.. Yəqin ki, söhbətin nədən getdiyi hər birinizə məlumdur. Soruşa bilərsiz, bəs sonluq necə oldu? Təbii ki, sonda kim olduğumu bildirərək, onları dediklərinə peşman etdim. Bilirsiz, necə? –SİLAHLA. Bəlkə də məni, artıq bir çoxlarınız qatil zənn etdiniz! Eslində mən silah dedikdə, təbii ki, jurnalist silahını nəzərdə tutdum.Yəni, SÖZ və QƏLƏM! Təbii ki, problemlər tək bununla bitmir, bu gün xarici ölkələrdən ölkəmizə gətirilən, mənşəyi, tərkibi, tam şəkildə bilinməyən, çin preparat və məhsulların satışını təşgil edən insanlar qəzetlərdə, min bir hiylələrlə dolu elanlarla əhalinin işsizliyindən istifadə edib, onları öz işlərinə cəlb etməklə insanlara həm maddi, həm də mənəvi ziyan vururlar. Yəqin ki, hər biriniz bir dəfə də olsun, bu hadisəylə rastlaşmısınız! Bütün bunlara göz yummaq isə hələ də, insanlara etinasız yanaşıldığının sübutudur! Sonda, yalnız bir şeyi deyə bilərəm, gəlin özümüz öz millətimizə hörmət edək, dilimizi yadlara əzdirməyək, çünki, sonda günahkar özümüz olacağıq, özgələr yox! Gənc şairə-jurnalist Dürdanə Abbasqızı