Günay İbrahimli: Mənim yaşımda olub, qazandığım uğurları qazanmayan hər kəs paxıllığımı çəkir - FOTOLAR

MAQAZİN
09:55 31.03.2015
11813

AZXEBER.COM-un "İşdən sonra" rubrikasının bu dəfəki qonağı son dövrlərin ən çox danışılan və müzakirə olunan müğənnisi Günay İbrahimlidir. İfaçıyla söhbəti təqdim edirik:

- Günay son zamanlar hər kəs sizdən danışır, sizcə artıq Günay adı brendləşib yoxsa  təqdim edərkən İbrahimlini də qeyd etmək vacibdir?

- Düşünürəm ki, şərtdir. Çünki maşallah Günay adlı müğənnimiz çoxdur. 5 il, 10 il sonra da belə olacaq. İbrahimli hər zaman vacib olaraq qalacaq.

- Söhbətə yaradıcılığınızla başlayaq. Azərbaycanın 5 gözəl rayonunda konsert proqramı ilə çıxış edəcəksiniz? Nə zaman və hansı rayonlarda?

- Bütün bu işlərin hamısına mənim prodüserim Toma baxır. Nə zaman olacaq, hansı rayonlarda olacaq dəqiq bilir. Mən sadəcə səhnəyə çıxıb oxuyacam. Konsert olacaq yerlər isə Naxçıvan, Lənkəran, Füzuli, Gəncə, beşinci isə hələ tam dəqiq deyil. Qarabağ bölgəsində baş tutacaq konsert proqramımız isə heç də mənim Fizulidən olmağımla əlaqəli deyil. Sadəcə özümə borc bildim və döyüş bölgəsini seçdim. Bu beş konsertdən sonra yekunu Heydər Əliyev Sarayında edəcəyik. Əslində bu konsertimizi iyunun 5-ə planlamışdıq. Ölkəmizdə baş tutacaq Avropa Oyunları ilə əlaqədar olaraq təxirə salmalı olduq. Hal-hazırda düşünürük. Mənə Heydər Əliyev Sarayından həmin vaxtda konsert proqamı ilə çıxış etmək üçün uyğun olduğunu bildirdilər. Ancaq məsləhət olmadı deyə təxirə saldıq. İnşallah o da olacaq.

- Gənc yaşında Heydər Əliyev Sarayında konsert vermək çətin olmayacaqmı?

- Düzdür, çətinlikləri var. Hər kəs də bilir ki, elə müğənnilərimiz var ki, Heydər Əliyev Sarayı onları qəbul etmir. Şükürlər olsun ki, bu mənə aid deyil. Mənim də öhdəmə başqa nə düşür? Oxumaq. Orda konsert vermək istəyimin də ən başlıca səbəbi, ordakı ab-havanı, vahiməni görməkdir. Buna tamaşaçı kimi yox, özüm səhnədə olarkən, məsuliiyəti öz üzərimə götürərkən şahid olmaq istəyirəm.

"Sevgilim yoxdur"

- Sosial şəbəkələrdə sizə verilən hədiyyələri paylaşırsız və bir çox insan Günaya bu hədiyyələrin iş adamları tərəfindən verildiyini bildirir. Doğrudurmu?

- Əgər mən hədiyyəmi sevgilimdən alsam, bu adi sıradan bir günlərdə də ola və sizə səmimi deyim ki, hazırda da sevgilim yoxdur. Özümü tam olaraq sənətimə vermişəm. Hədiyyələr isə mənə özəl günlərdə verilir. Bu da deyildiyi qədər bahalı, yəni ev, maşın deyil. Üzük, ətir, güldür. Bunları da dəyərli dostlarım və pərəstişkarlarım hədiyyə edib. Mən də şəxsi “instagram” səhifəmdə izləyicilərimlə bölüşmüşəm. Qısa desəm, bu mövzuda heç bir iş adamının adı belə gedə bilməz.

- Yaxın zamanlarda klubların birində konsert verdiz və bu konsert birmənalı qarşılanmadı. Buna səbəb nə idi?

- Mən estrada müğənnisiyəm. Özüm şəxsən, o konsertdən istədiyimi aldım. Zalın işıqlanması, ab-hava, tamaşaçılar, rahatçılıq – hamısı var idi. Mənim orda hətta yaşı çox az olan pərəstişkarım da var idi. Mən yaşıma və təcrübə söykənib əlimdən gələni edirəm. 10 günə ərsəyə gətirdiyimiz konsertdən başqa nə gözləyə bilərdilər ki? Sırf sevgililər günü olsun deyə anidən qərar verdik. Deyirlər nə üçün klubda baş tutdu. Sevgililəri harda qəbul etmək olardı ki? Orda nişanlı olan, evli olan, sevgili olan hər cür insan vardı. Konsertdən həm mənəvi zövq aldım və həm də maddi tərəfdən də razı qaldım.

"Mənim yaşımda olub, qazandığım uğurları qazanmayan hər kəs paxıllığımı çəkir" 

- Şou-biznesdə Günayın dostu və düşmədi kimdir?

- Günayın nə üçün düşməni olmalıdır ki? Mənim yaşımda olub, qazandığım uğurları qazanmayan hər kəs mənim paxıllığımı çəkir. Mən paxıl insan deyiləm. Əksinə onlardan gözəl ifalar eşitdikdə zəng edib xoş sözlər də bildirirəm.

ABŞ-ın Azərbaycandakı səfirliyində keçirilən Novruz şənliyində səfir Robert Sekuta Azərbaycan musiqisinin sədaları altında rəqs etdi və mahnını ifa edən də siz idiz...

- Çox gözəl bir gün idi. Səmimi bir tədbir idi. Sənət yoldaşlarımla birlikdə idim. Amma yalan demək olmaz. Tək mən oxumuşam. Hər kəs oxudu səfir də oynadı (gülür).

- Günayın mahnıları kifayət qədər sevilirmi? Əgər sevilirsə bu söz və bəstəçidən, yoxsa Günaydan aslıdı?

- Mütləqdir ki, söz və musiqi ilə ərsəyə gələn mahnılar doğru ünvanına düşsün. Mən düşünürəm ki, mənim mahnılarımın hər biri mənə yaraşır və onu layiqincə ifa edirəm. Çünki özümüz də dəfələrlə şahid oluruq ki, gözəl mahnılar var. Ancaq doğru mənzilə verilməyib. Mahnı ifaçı ilə tamamlandıqda, bu o deməkdir ki, iş tamamdır (gülür).

"Mənim üzərimə bir iş düşür. O da səhnəyə çıxıb, mahnı oxumaq"

- Mətbuatda haqqında çıxan xəbərlərə Günayın münasibəti və reaksiyası necədir?

Düzünü deyim mənim üçün maraqlı deyil. Bununla maraqlanmıram. Toma sağ olsun bunu öhdəsinə götürüb. Hamı mənim barəmdə yaxşı yaza bilməz axı. Bir də görürsən ki, məlumat çıxır haqqımda. Baxıram görürəm ki, bu belə deyil axı. Tomaya deyirəm ki, Toma bu nədir? Deyir narahat olma. Sonra görürəm ya məqalə yoxdur, ya da xahiş edib çıxarıblar. Amma mənim üzərimə bir iş düşür. O da səhnəyə çıxıb, mahnı oxumaq (gülür).

- “İnstagram” və “Facebook”da kifayət qədər aktivsiniz. İzləyicilərinizin çoxunun “saxta” olduğu deyilir.

Kim deyirsə bunu, demək ki həmin adamın “instagram”dan başı çıxmır. Yaxınalarda yeni proqram istifadəyə verildi və saxta izləyicilər silindi. Mənim həmin vaxt 2000 izləyicim silindi. Elə müğənnilər var idi ki, onlardan 10 min, eləsi vardı ki, 30 min silindi. Məndə isə çox az idi. Kim pulla izləyici qazanmışdısa hamısı ləğv olundu. Mənim izləyicilərim gün ərzində 1000 nəfər artır.

"Azərbaycanda alış-veriş etmirəm"

- Günay İbrahimlinin “İşdən sonra”kı fəaliyyəti nədən ibarətdir?

- Yaralı yerimdir (gülür). Mənim artıq boş vaxtım yoxdur. Günün çox hissəsini Toma ilə birlikdəyik. Ora qaçırıq, bura qaçırıq. Asudə vaxtım yoxdur.

- Kifayət qədər boş vaxtınız olsaydı, nəyə sərf edərdiniz?

- Tam olaraq ailəmə. Əvvəllər olsaydı alış-verişə, ama indi yox. Çünki Azərbaycanda alış-veriş etmirəm. Bu da onunla əlaqədardır ki, Azərbaycanda müxtəlif mağazalarda olan istədiklərim, xarici ölkələrdə bir mağazada cəmləşir. Vaxtım da çox olmadığı üçün xarici ölkədə 1 gün sərf edib bitirirəm. Həm də istədiyim saç düzümündə, istədiyim geyimdə rahat ola bilirəm. Ancaq onu da qeyd edim ki, kompleksiz insanam.

- Uzun müddət avtomobil idarə edərkən, təhlükəsizlik kəmərindən istifadə etmirdiniz. Bunu da videolarda əks etdirib paylaşırdınız. Artıq görünmür videolar. Nə məsələdir?

- Doğrudur. Ancaq artıq istifadə edirəm. Düzdür çox avtomobil idarə etmirəm artıq. Amma az da olsa idarə edəndə istifadə edirəm. Əvvəllər mənə çatmırdı bu (gülür). Həm də inanın o qədər tələsiyə düşürdüm ki, heç yadıma da düşmürdü. Artıq dərsimi almışam. Taxıram (gülür).

-Səmimi müsahibəyə görə təşəkkür edirik.

- Ozal, mən də sizə  AZXEBER.COM kollektivinə uğurlar arzu edirəm.

Ozal İbrahimli,AZXEBER.COMFoto: Orxan Hüseynov

OXŞAR XƏBƏRLƏR