Bu gün bank sektorunda rəqəmsal transformasiya artıq ən çox müzakirə olunan mövzulardan biridir. Bəs bank üçün rəqəmsal transformasiya nə ifadə edir və müştərilərə nə kimi üstünlükləri verir. Bu barədə "Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva mətbuata açıqlama verib:
-Müasir bank artıq yalnız maliyyə xidmətləri təqdim edən qurum deyil, eyni zamanda texnologiya platformasıdır. Buna görə də rəqəmsal transformasiya bizim üçün ayrıca layihə deyil, Bankın bütün fəaliyyət istiqamətlərini əhatə edən strateji yanaşmadır.
Buna müvafiq olaraq müştərilərimizə daha sürətli, rahat və fərdiləşdirilmiş xidmətlər təqdim etmək üçün addımlar atırıq. Bunun üçün rəqəmsal texnologiyalar və data analitikasından istifadə edərək müştəri ehtiyaclarını daha dəqiq qiymətləndirir, eyni zamanda daxili prosesləri avtomatlaşdırmaqla qərarların qəbulunu sürətləndirir və əməliyyat səmərəliliyini artırırıq.
Bu günün reallıqlarından biri də süni intellekt həllərinin transformasiyanın əsas istiqamətlərindən olmasıdır. Biz də hazırda müştəri təcrübəsinin təkmilləşdirilməsi, daxili proseslərin optimallaşdırılması, qərarvermənin daha səmərəli təşkili məqsədilə bu texnologiyanın tətbiqi üzərində çalışırıq.
Rəqəmsal transformasiya ilə yanaşı, kibertəhlükəsizlik və məlumatların qorunması da əsas prioritetlərimizdəndir. Yeni texnoloji həllər tətbiq olunarkən risklərin idarə edilməsi, məlumatların məxfiliyinin təmin olunması və sistemlərin dayanıqlılığının qorunmasına xüsusi diqqət yetiririk. Amalımız müasir texnologiyaların üstünlüklərini yüksək təhlükəsizlik standartları ilə birləşdirərək müştərilərimiz üçün etibarlı rəqəmsal mühit yaratmaqdır.
Bütün bu addımların müasir texnologiyaların imkanlarından istifadə etməklə ATB-nin çevikliyini, etibarlılığını və rəqabət qabiliyyətini daha da gücləndirəcəyinə inanırıq.











































