Günəş tutulması üçün geri sayım başladı: Haralarda görünəcək?

Günəş tutulması üçün geri sayım başladı: Haralarda görünəcək?
11:15 11.08.2026
140
Şimal yarımkürəsində 12 avqust 2026-cı ildə tam Günəş tutulması baş verəcək. Nadir astronomik hadisə zamanı Ay Günəşi tamamilə örtəcək və tutulmanın müşahidə olunduğu ərazilərdə gündüz qısa müddətə qaranlığa çevriləcək.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, tam tutulma zolağı Arktika okeanından başlayaraq Qrenlandiyanın şərqindən, İslandiyanın qərbindən və İspaniyanın şimalından keçəcək. Daha sonra Balear adaları üzərindən Aralıq dənizinə qədər uzanacaq.

Təxminən 293 kilometr genişliyində olacaq tam tutulma zolağında insanlar Günəşin xarici atmosferi olan koronanı müşahidə edə biləcəklər.

Avropanın böyük hissəsində qismən tutulma görünəcək

Tam tutulma xəttindən kənarda yerləşən geniş ərazilərdə isə Günəş tutulması qismən müşahidə olunacaq.

Böyük Britaniya, İrlandiya, Fransa, Almaniya, İtaliya və Skandinaviya ölkələri də daxil olmaqla Avropanın böyük hissəsində Ay Günəşin qarşısından keçərək səmanın nəzərəçarpacaq dərəcədə qaralmasına səbəb olacaq.

Tutulmanı izləmək üçün ən əlverişli məkanlardan biri kimi İspaniyanın şimalı göstərilir. Qrenlandiya və İslandiyada isə tutulmanın daha yüksəkdə baş verəcəyi və fərqli mənzərə yaradacağı bildirilir.

Günəş tutulmasını izləyərkən ehtiyatlı olmaq lazımdır

Mütəxəssislər Günəş tutulması zamanı Günəşə qoruyucu vasitələr olmadan birbaşa baxmağın gözlər üçün təhlükəli olduğunu bildirirlər.

Qismən tutulma zamanı yalnız sertifikatlaşdırılmış xüsusi Günəş tutulması eynəklərindən istifadə edilməlidir. Teleskop, durbin və kameralarla müşahidə zamanı isə xüsusi Günəş filtrlərindən istifadə olunması tövsiyə edilir.

Qeyd edək ki, qoruyucu vasitələr yalnız Ayın Günəşi tamamilə örtdüyü qısa müddətli tam tutulma mərhələsində çıxarıla bilər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR