Bu gündən Gürcüstan vətəndaşları üçün Şengen zonasında vizasız rejim qüvvəyə minib.
AZXEBER.COM-un məlumatına görə, Gürcüstan vətəndaşları Şengen zonası ölkələrində 180 gün ərzində vizasız maksimum 90 günə qədər ola bilərlər. Vizasız rejim Avropa İttifaqının (Aİ) 22 ölkəsi, Aİ-yə üzv olmayan ölkələr və Şengen zonasına qoşulmağa namizəd olan 4 ölkəni əhatə edən Şengen zonası ərazisində sərbəst yerdəyişməni nəzərdə tutur.
Üzv-ölkələr: Belçika, Almaniya, Danimarka, İspaniya, Estoniya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Yunanıstan, Fransa, Sloveniya, Slovakiya, Macarıstan, Finlyandiya, İsveç, Çexiya.
Üzv olmayan ölkələr: İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə.
Namizəd ölkələr: Bolqarıstan, Kipr, Rumıniya, Xorvatiya. Aİ-nin 2 ölkəsi istisna təşkil edir – Böyük Britaniya və İrlandiya. Gürcüstanın bu ölkələrlə viza rejimi qüvvədə olacaq.
Xatırladaq ki, Gürcüstan və Aİ arasında viza liberalizasiyası məsələsi üzrə danışıqlar 2012-ci ilin iyunun 4-də başlamışdı. 2013-cü ilin fevralın 25-də isə Gürcüstan hakimiyyətinə viza rejiminin liberalizasiyası üzrə fəaliyyət planı təqdim olunmuşdu.
vizasız rejimin qüvvəyə minməsi ilə əlaqədar Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili tələbələr, alimlər, KİV nümayəndələri və hökumət üzvləri ilə Ş.Rustaveli adına Tbilisi beynəlxalq hava limanından öncə qədim sivilizasiyanın paytaxtı Afina, daha sonra Avropanın siyasi mərkəzi Brüsselə vizasız yola düşüb.
Bu gün G.Kvirikaşvili Kapodistri adına Afina Mili Universitetində "Gürcüstan Avropadan Avropaya” konfransını açıq elan edəcək. Tədbirdə gürcü və yunan professor və müəllimlər, tələbə və alimlər iştirak edəcəklər.
Bununla yanaşı Gürcüstanın baş naziri yunan həmkarı Aleksis Tsiprasla görüş keçirəcək. Görüşdən sonra baş nazirlər birgə bəyanatla çıxış edəcəklər. Gənclər və alimlərlə birgə baş nazir Afina Akropoluna baxacaq.