Seçki Kollegiyası tərəfindən Prezidentliyə seçilmiş Mixeil Kavelaşvili mitinq və nümayişlərlə bağlı qanunvericilik dəyişikliklərini imzalayıb.
AZXEBER.COM Gürcüstan mediasına istinadən xəbər verir ki, Parlament tərəfindən qəbul olunan qanunlar "Qanunvericilik Bülletenində” dərc edilib və dərc olunduğu andan qüvvəyə minib.
Parlament bu həftə layihəni sürətləndirilmiş qaydada müzakirə edib və təsdiqləyib. Layihənin qüvvəyə minməsi ilə mitinq və nümayişlərlə bağlı məhdudiyyətlər piyada yollarında keçirilən aksiyalara da şamil olunacaq.
Dəyişikliyə əsasən, əgər mitinq və ya nümayiş insanların hərəkət etdiyi yerdə keçirilirsə, Daxili İşlər Nazirliyinin əvvəlcədən xəbərdarlıq etməsi tələbi müəyyən edilir. Bununla yanaşı, avtomobil yolunun bağlanmasına bənzər şəkildə, qanunda qeyd olunur ki, iştirakçıların sayı bunu zəruri etmədiyi halda, insanların hərəkət zolağının süni şəkildə bağlanması yolverilməzdir. Həmçinin insanların hərəkət zolağının avtomobillərlə, müxtəlif konstruksiyalarla və əşyalarla bağlanması da qadağan edilir.










































