Gürcüstanda 4 oktyabr tarixində keçiriləcək bələdiyyə seçkiləri regionda siyasi vəziyyəti yenidən diqqət mərkəzinə çıxarıb. Analitiklər həm seçkilərin gedişinə, həm də nəticələrinin ölkəyə və qonşu dövlətlərlə münasibətlərə təsirinə dair proqnozlar verirlər. Eyni zamanda, beynəlxalq dairələrdə Gürcüstana qarşı sanksiyaların sərtləşə biləcəyi müzakirə olunur.
Politoloq Turab Rzayev AZXEBER.COM-a açıqlamasında bildirib ki, indiki halda Gürcüstanda bələdiyyə seçkilərinin təşkil olunma ehtimalı böyükdür:
"Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Parlamentdə təmsil olunan 4 müxalif partiyadan 2-si iştirak üçün təsdiq alıb. Əgər onlar geri çəkilməsələr, hakimiyyət seçkiləri keçirilmiş sayacaq. İqtidar və 2 müxalif partiyanın iştirakı kifayət edə bilər”.
Ekspert əlavə edib ki, Avropa İttifaqı seçkilərlə bağlı etirazlarını bildirəcək:
"ABŞ tərəfindən də etirazların olması gözləniləndir, lakin ölkənin daxili siyasətinə görə Gürcüstana xüsusi diqqət ayırmır. Eyni zamanda Böyük Britaniya tərəfindən də müəyyən sanksiyalar da gözləniləndır. Əvvəllər də Gürcüstana qarşı maliyyə və hərbi yardımların dondurulması, viza rejiminin sərtləşdirilməsi kimi addımlar atılıb”.
T.Rzayev bildirib ki, bələdiyyə seçkiləri Gürcüstanda inqilaba səbəb olmayacaq:
"İnqilabın olacağını düşünmürəm. Yalnız müəyyən etiraz aksiyaları keçirilə bilər. Azərbaycanla Gürcüstan dost və qardaş ölkədir, Azərbaycan isə Gürcüstana strateji müttəfiq kimi yanaşır. Azərbaycan üçün əsas önəmli məqam Gürcüstanda sabitliyin olmasıdır. Azərbaycan seçkidə qalib gələn tərəfi tanıyacaq və təbrik edəcək. Azərbaycan qonşu ölkədə çaxnaşma və vətəndaş müharibəsi baş verməsini istəmir”.
Şahanə Ziyad