Xəbər verdiyimiz kimi Göygöldə hamilə qadın və bətnindəki körpə ölüb.
Baş vermiş hadisə ilə bağlı TƏBİB-dən AZXEBER.COM-a verilən açıqlamaya görə gənc ananın ölümünə səbəb əməliyyat masasında hamilənin vəziyyəti anidən kəskin pisləşməsi olub.
"1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) 25.02.2025-ci il tarixində saat 10:30 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasına 39 həftəlik hamiləlik, baş gəlişi, döl qişalarının vaxtından əvvəl cırılması, doğuş fəaliyyətinin I dövrü diaqnozu ilə hospitalizasiya olunub.
Həkim-mama-ginekoloq tərəfindən hamilə müayinə edilib və doğum fəaliyyəti başladığı üçün nəzarətə götürülüb.
Təxminən saat 15:10 radələrində hamilə qadının vəziyyətində pisləşmə qeyd edilib (huşun itməsi, sianoz, qıcolma) həkim-anestezioloq-reanimatoloqun konsultasiyası ilə müvafiq tibbi yardım göstərildikdən sonra təcili qeysəriyyə kəsiyi əməliyyatı üçün qərar qəbul edilib. Əməliyyat masasında hamilənin vəziyyəti anidən kəskin pisləşdiyi üçün təcili reanimasion tədbirlər icra olunmağa başlanılıb.
Aparılmış bütün zəruri tədbirlərə baxmayaraq, hamilədə ölüm faktı baş verib.
Ölüm hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit təşrih olunmaq üçün təhvil verilib.
Ölümün bilavasitə səbəbi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qərarına əsasən veriləcəkdir.