Göygöldə maarifləndirici tədbir keçirildi - FOTOLAR

Göygöldə maarifləndirici tədbir keçirildi - FOTOLAR
SOSİAL
16:58 25.02.2026
351
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.

Tədbirin əsas məqsədi yerli qurumlar arasında koordinasiyanı gücləndirmək və qəhvəyi mərmər bağacığına qarşı vaxtında və düzgün mübarizə tədbirlərini həyata keçirmək və zərərvericinin yayılma arealını minimuma endirməkdir.

İcra başçısı Vüqar Novruzov tədbiri giriş sözü ilə açaraq bildirib ki, kənd təsərrüfatının inkişafı və fermerlərin rifahının yüksəldilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində aqrar sahəyə dövlət dəstəyi ildən-ilə gücləndirilir, fitosanitar təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.

Qeyd olunub ki, qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə bağlarına ciddi ziyan vurur və məhsuldarlığın azalmasına səbəb olur. Bu baxımdan zərərvericiyə qarşı mübarizənin vaxtında və koordinasiyalı aparılması mühüm əhəmiyyət kəsb edir. Mübarizə tədbirləri Aqrar Xidmətlər Agentliyinin yerli qurumları ilə birgə həyata keçirilir, yaşayış məntəqələrində monitorinqlər aparılır, aşkar olunan ocaqlarda mexaniki və kimyəvi mübarizə tədbirləri görülür. 

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev tədbirin əhəmiyyətindən danışaraq görülən işlər və qarşıdakı vəzifələrlə bağlı ətraflı məlumat verib. O bildirib ki, qəhvəyi mərmər bağacığının yayıldığı bölgələrdə mübarizə tədbirləri gücləndirilib, qışlama yerlərinin aşkarlanması istiqamətində monitorinqlərin sayı artırılıb. Yerli əhali və sahibkarlarla mütəmadi görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərərlər və effektiv mübarizə üsulları barədə ətraflı məlumat verilir. Həmçinin maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq media və sosial şəbəkələrdə paylaşılır.

AXA sədri vurğulayıb ki, yaz mövsümünün yaxınlaşması ilə əlaqədar yaşayış məntəqələrində, inzibati binalarda, anbar və yardımçı tikililərdə monitorinqlər intensivləşdirilməli, mexaniki mübarizə tədbirləri vaxtında icra olunmalıdır. Eyni zamanda, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi, vətəndaş müraciətlərinə operativ reaksiya verilməsi və mobil qrupların fəaliyyətinin gücləndirilməsi təmin edilməlidir.

AXA-nın sədr müavini Cəfər Məhərrəmov qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri barədə məlumat verərək bildirib ki, hazırkı dövrdə (fevral ayı) zərərverici qışlama mərhələsindən çıxmağa hazırlaşır. O qeyd edib ki, qəhvəyi mərmər bağacığı qışı çardaqlarda, anbarlarda, boş tikililərdə və ağac qabıqlarının altında keçirir. Bu baxımdan həmin sığınacaqların vaxtında təmizlənməsi, həşəratların toplanaraq məhv edilməsi (mexaniki üsul) ilə bağlı tədbirlərin gücləndirilməsi tövsiyə olunur.

Tədbir çərçivəsində zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bölgədə əhalinin  maarifləndirilməsi və monitorinqlərin genişləndirilməsi istiqamətində müvafiq qurumlara tapşırıq və tövsiyələr verilib.

 

 

 

 



OXŞAR XƏBƏRLƏR