Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təhsil işçiləri ilə görüş keçirilib.
AZXEBER.COM xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyətinin başçısı, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri, Göygöl rayonu üzrə təhsil sektorunun müdiri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar müəssisələrin rəhbərləri və digər məsul əməkdaşlar iştirak edib.
RİH-nin başçısı Vüqar Novruzov Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmasından, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb. Təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim, valideyn, şagird münasibətlərinə yönəldilməsinin vacibliyini qeyd edib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində həyata keçirilən layihələrə diqqət çəkib.
Gəncə-Daşkəsən RTİ-nin müdiri Elçin Kərimov son dövrlər həyata keçirilən təhsil islahatları və bölgənin təhsil nəticələri barədə məlumat verib. Bildirib ki, idarə tərəfindən məktəblərin fəaliyyətinin təkmilləşdirilməsi, dövlət təhsil strategiyasının regionda effektiv icrası və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl işlər görülür.
Görüşdə çıxış edən Göygöl rayonu üzrə Təhsil sektorunun müdiri Elnur Qasımov və digər iştirakçılar ölkə rəhbərinin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində həyata keçirilən yeniliklərdən, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan söhbət açıblar.
Görüş qarşılıqlı dialoq şəkilində davam edib.























































