Hacıbəy Heydərli: 'Bu bizim yox, cəmiyyətin günahıdır ki, şou - xəbərləri daha çox oxunur' - MÜSAHİBƏ

Hacıbəy Heydərli:
MEDİA
00:30 05.01.2012
3295

AZXEBER.COM informasiya portalının redaktoru Hacıbəy Heydərli Azerbaijan Study Academy-nin (ASA) tələbəsi Günel Mehdiyevaya müsahibə verib. Müsahibəni təqdim edirikBu gün cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, xüsusən gənc yaşlarında uğur qazanmış insanların arxasında mütləq ya dayaq, ya tanışlıq və ya pul dayanır. Bu günkü müsahibimiz Azxeber.com xəbər portalının yaradıcısı və ölkədə iqtidar yönümlü gənclər təşkilatlarından olan İrəli İB-nin strukturlarından birinin rəhbəri Hacıbəy Heydərli ilə bunu aydınlaşdırmağa çalışdıq.

- Öncə bayramınızı, yeni ilinizi təbrik edirəm və bir həmkar kimi işlərinizdə bol-bol uğurlar arzu edirəm.

- Mən də sizə 2012-ci ildə böyük uğurlar arzu edirəm.

- Sizcə uğur qazanmaq üçün nə mütləqdir?

- Uğur insanın sevdiyi işlə məşğul olmasıdır, əgər sən sevdiyin işlə məşğulsansa və əgər sən özünü burada tapırsansa yavaş-yavaş uğur qazanacaqsan. Lap əvvəldən başlasaq deyə bilərəm ki, mən 2008-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil oldum və həmin ildə ilk dəfə olaraq jurnalistika fakültəsinin bloqunu yaratdım və həmin bloq qısa müddət ərzində kifayət qədər tanındı. Əslində uğur qazanmaq üçün kimisə qıcıqlandırmaq da lazımdır, hər şeyə yaxşı deyə-deyə uğur qazanmaq olmaz. Bunu deməkdə məqsədim odur ki, biz bloqda bəzi müəllimləri tənqid edirdik, tələbələrin qələmiylə onları ifşa edirdik. Bir ildən sonra biz hiss etdik ki, artıq bloq səviyyəsindən çıxmaq lazımdır. Çünki kütlə var idi və biz daha geniş kütləyə xitab etmək istəyirdik və qrup yoldaşım Əfsəllədin Ağalarovla birgə Azxeber.com informasiya portalını yaratdıq. 2011-ci ildə Azxəbər.com Mətbuat Şurası tərəfindən İlin ən perspektivli Media orqanı mükafatını aldı. Bir daha demək istəyirəm ki, uğur qazanmaq üçün sevdiyin işlə məşğul olmalısan və bu işdə bir az da olsun perspektiv görürsənsə uğur özü sənin arxanca gələcək. 

-  Hal-hazırda həmin bloq sayt fəaliyyət göstərir?

- Xeyr. Bizdən sonra həmin bloq-saytı fakültənin digər tələblərinə həvalə etmək istəsək də, onlar bloqun idarə edilməsində çətinlik çəkdilər və razı olmadılar.  

- Bu yaxınlarda sizin saytın facebookda ən çox üzvü olan xəbər saytı olduğunu gördüm...

- Bəli, Azərbaycan dilli xəbər portalları arasında Azxeber.com Facebookda birinci yerdədir. Bzim fan-pagenin hazırda 34 mindən çox üzvü var. İnann ki, bu qədər insanı bir yerə yığmaq asan iş deyil. Vaxt olurdu ki, biz gecə saat 4-ə qədər insanları səhifəmizə dəvət edirdik. Yenə də demək istəyirəm ki, uğur qazanmaq üçün mütləq sevdiyin işlə məşğul olmalısan, maddiyyat önəmli deyil, əgər pulu, ailəni və s düşünüb, başqa, lakin sevmədiyin bir işlə məşğul olacaqsansa orada xoşbəxt olmayacaqsan. Götürək elə bizim işi, burada çox da böyük gəlir əldə etmirik, lakin buna baxmayaraq məni burada saxlayan bu peşəyə olan maraq və sevgidir. Hətta bəzən ruhdan düşdüyüm məqamlar olur ki, o zaman da sayta xəbər yerləşdirməklə əhval- ruhiyyəmi düzəldirəm (gülür) Bir də mütləq səbirli olmalısan.

- Ümumiyyətlə saytınızın profilini necə müəyyənləşdirisiniz, xəbərlərin yerləşdirilməsi zamanı müxtəlif növ xəbərlər balansını necə saxlayırsınız?

- Bizim portalımız ictimai-siyasi portaldır. AZXEBER.COM-a gün ərzində 8.000-10.000 İP-dən insan daxil olur. Xəbərlərin baxılma sayı 30.000-dən çox olur. Gün ərzində saytda sosial və siyasi xəbərlərin sayı çoxluq təşkil edir, lakin təəssüflər olsun ki, saytda ən çox oxunan xəbərlər şou və kriminal tipli xəbərlər olur. Məsələn, gün ərzində sayta 30-35 xəbər yerləşdirilir ki, onlardan yalnzı 5-6-sı şou xəbərlərdir, lakin ən çox oxunan elə həmin xəbərlər olur. Sonra deyirlər ki, siz niyə bü cür xəbərlər yerləşdirirsiniz? Məsələn, hansısa siyasi xəbəri 200 nəfər oxuyursa, Röya Ayxanın kimisə nəsə deməsi xəbərini 5000-6000 insan oxuyur. Bu əslində bizim günahımız deyil, cəmiyyətin günahıdır ki, o xəbərlərə üstünlük verir. Əgər o xəbərlər oxunmasa biz o xəbəri sayta yerləşdirmərik, çünki sayt biznes maraqlarına xidmət edir, bizə gün ərzində İP gəlməlidir ki, sayta reklam verilsin. Biz dövlətdən maliyyələşmirik ki, bizə hər ay müəyyən qədər vəsait ayrılsın və biz ancaq rəsmi xəbərləri yayaq. Şəxsən mən istəmərəm ki, şou xəbərləri bu qədər oxunsun amma reallığı dəyişmək də mümkün deyil axı.

- Siz həmçinin "İrəli" Media Akademiyanın rəhbəri və İrəli Radioda veriliş aparıcısısız. Bütün bu işləri necə çatdırırsınız?

- Bəli, 2011-ci ildə "İrəli" radioda “Forumaniya” adlı sosial bir veriliş var idi. Həmin veriliş internet istifadəçilərinin şərhləri əsasında formalaşırdı. Verilişdə aktual bir mövzu qoyulurdu və həmin mövzulara gələn şərhlər canlı verilişdə səsləndirilirdi. Düşünürəm ki, veriliş kifayət qədər populyar idi. Həmçinin mən “İrəli” Media Akademiya 1-də mən məzunu olmuşam. Həmin layihədə rəhbər İlhamə xanım Novruzova idi, Media akademiya 2-də isə müəyyən səbəblərdən layihədən ayrıldı və mən rəhbər oldum. Həm İRadio, həm də Media Akademiya ixtisasımla bağlı olan layihələr olduğuna görə deyə bilərəm ki, burada çox şey öyrəndim. Onu da qeyd edim ki, mən həmçinin Bakı Jurnalistika məktəbinin məzunuyam və orada da çox şey öyrənmişəm. 

Çox zaman "İrəli"ni Azxəbər.com saytı ilə əlaqələndirirlər, lakin sizin vasitənizlə bir daha deyirəm ki, Azxeber.com-un "İrəli"ylə ilə heç bir əlaqəsi yoxdur. Düzdür orada mənim çoxlu dostlarım var amma sayt təkcə mənim deyil, sayt Hacıbəy demək deyil. Oxucularımız da təsdiqləyər ki, biz heç vaxt xəbərdə güzəşt etmirik, konkret xəbər varsa və biz biliriksə bu xəbər kütlə üçün maraqlıdır və ictimai əhəmiyyət daşıyır biz həmin xəbəri veririk. Mən həmişə deyirəm ki, əgər biz bu xəbəri verməsək, başqa xəbər saytı, başqa qəzet verəcək. O zaman artıq informasiyada uduzmuş oluruq, mən isə uduzmağı sevmirəm (gülür)

- Bü gün gənc jurnalistlərin üzləşdiyi ən böyük çətinlik və ya problem nədir və bunun öhdəsindən necə gəlmək olar?

- Jurnalistikada irəli getmək, uğur qazanmaq üçün praktik hazırlıq çox vacibdir, düzdür nəzəri biliklər də olmalıdır, lakin praktik bacarıqlar əsasdır. Məsələn, bizə 2 gənc jurnalist yaxınlaşır, onlardan biri BDU-nun jurnalistika fakültəsinin məzunu, digəri isə isə siz yəni ASA-nın tələbəsi. Bizim üçün seçim zamanı nəzəri biliklər artıq 2-ci yerdədir, biz onların daha çox praktiki bacarıqlarıyla maraqlanırıq. Əgər BDU-nun məzunu nəzəriyyədə bu belədir və s şəkilində cavab verirsə, ASA-nın məzunu isə konkret kimlərdənsə müsahibə aldığını, onların dərc olunduğunu qeyd edir və qarşımıza real müsabilərini qoyursa, sözsüz ki, biz seçim qarşısında qalanda ikinciyə üstünlük verəcəyik. Bir daha deyirəm ki, jurnalistikada praktika daha önəmlidir və jurnalist olmaq üçün mütləq Jurnalistika fakültəsini bitirməli deyilsən. 

- Jurnalistikanın hansı mənfi tərəfləri uğur qazanmağa mane olur?

- İnsanlarda jurnalistlərlə bağlı mənfi stereotiplər var. Bu da daha çox jurnalistlərin efirdə qalmaqal salması ilə bağlıdır. Mən bu yaxınlarda ANS-də İncə Maraqlar verilişində idim. Bir jurnalist dedi ki, məni kanallara qalmaqal salmağa çağırırlar ki, mən dava salım və verilişin reytinqi artsın. Çox təəsüf ki, bu gün jurnalist deyəndə də insanların ağlına ilk olaraq bu jurnalistlər gəlir. Bir də reket jurnalistikası var ki, bu jurnalistikamızın ümumi bəlasıdır. Buna mədəni şantaj da deyə bilərik. Bax bu amillər jurnalistlər haqqında mənfi imic formalaşdırır. Amma istənilən halda jurnalistika yaxşı sahədir. Baxmayaraq ki, maliyyə azdır, lakin yenə də deyirəm əgər bu bizim sevdiyimiz iş olmasa idi biz uğur qazana bilməzdik. Təkrarçılıq olmasın, bir də səbirli olmaq lazımdır, sevgi və səbir olduqda uğur özü səni izləyəcək. Bir də tənqiddən qorxmaq lazım deyil, müxtəlif fikirlərə açıq olmaq lazımdır. Məsələn bizim saytda müxtəlif- şou, kriminal, siyasi və sosial xəbərlər var və məsələn kriminal xəbər biri üçün normal olduğu halda digəri üçün normal deyildir. Biz də çalışırıq bu balansı qoruyaq. Əsas ruhdan düşməməkdir, əgər sən irəlidəsənsə, sözsüz ki, İrəli İB-ni nəzərdə turmuram səni tənqid edənlər də çox olacaq, arxanca danışanlar da. Amma sən doğru yolda olduğunu bilirsənsə uğur qazanacaqsan. Əsas odur ki, ruhdan düşməyib doğru bildiyin yolla irəliləyəsən.

- Hacıbəy, maraqlı müsahibəyə görə çox sag olun.

- Sağ olun və bir daha uğurlar.

Günel MEHDİYEVA
OXŞAR XƏBƏRLƏR